ABŞ-ın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Proofpoint” şirkəti Rusiyanın amerikalı məmurları, nüfuzlu ictimai xadimləri hədəfə alan “qara piar” kampaniyasını ifşa edib.
Novator.az-ın məlumatına görə, “Proofpoint”ın hesabatında vurğulanır ki, bu kampaniya Amerikada ictimai rəyə təsir edə, hədəfə alınan şəxslərin nüfuzuna ciddi xələl gətirə bilər.
Hesabata əsasən, kampaniyanı Rusiyanın TA499 adlı təhlükəli haker qrupu həyata keçirir: “Fırıldaqçılar əvvəlcə özlərini Ukraynanın baş naziri Denis Şmıqal və ya onun köməkçisi, habelə ukraynalı deputat, yaxud Ukraynanın ABŞ-dakı səfirliyinin nümayəndəsi kimi təqdim edərək amerikalı məmurlara, ictimai şəxslərə ard-arda elektron məktublar göndərirlər. Məktublar adətən Kremlin hərbi təcavüzünə qarşı çıxan, Ukraynanın silahlandırılmasını, rus qoşunlarının, hərbi obyektlərinin bombalanmasını, həmçinin Moskvanın sanksiyalarla sıxışdırılmasını dəstəkləyən adamlara ünvanlanır. Sonra haker qrupu video və ya audio zənglər vasitəsilə hədəfə götürdükləri şəxslərlə birbaşa əlaqə saxlamağa çalışır.
Fırıldaqçılar inandırıcı video görüntü yaratmaq üçün yaxşı-yaxşı maskalanır, ya güclü makiyajdan, ya da süni intellektin köməyindən istifadə edirlər.
Qrupun tələsinə düşən, Ukraynanın baş naziri, yaxud onun köməkçisi ilə, ukraynalı deputatla, yaxud diplomatla danışdığını düşünən amerikalılarla aparılan söhbətlər lentə alınır. Qonaqla bir az ordan-burdan danışandan sonra hakerlər müsahibi qıcıqlanmaq, onu qəribə hərəkətlərə vadar etmək, beləliklə, gülünc vəziyyətdə qoymaq üçün şit zarafata keçirlər. Daha sonra lentə alınan danışıqlar, görüntülər geniş diqqət cəlb etsin deyə məqsədyönlü şəkildə redaktə olunur, əsasən “YouTube” və “Twitter” platformalarında yerləşdirilir”.
“Proofpoint” bəyan edir ki, bu kampaniya çərçivəsində hakerlər artıq bir neçə yüksək vəzifəli şəxsin, hörmətli ictimai xadimin danışığını, görüntüsünü qeydə alıb montaj etməklə onları ictimai səviyyədə istehza hədəfinə çevirə biliblər: “Buna ucuz bir kampaniya kimi baxıb əhəmiyyət verməmək düzgün deyil. Bu lağlağılar ayrı-ayrı məmurları, ictimai xadimləri gerçəkdən gözdən sala, onlar haqda mənfi ictimai rəy formalaşdıra bilər. Fırıldaqçı qrupların qurbanına çevrilməmək üçün ən azı bu cür kampaniyalardan xəbərdar olmaq lazımdır.
Dezinformasiyanın meydan qazanması ciddi problemdir, təkcə fərdləri yox, bütövlükdə cəmiyyəti narahat etməli olan bir məsələdir. Bu cür kampaniyalar ictimaiyyət arasında çaşqınlığa, inamsızlığa, hətta zorakılığa gətirib çıxara bilər. Ayıq-sayıq olmaq və yalnız ciddi informasiya mənbələrinə etibar etmək gərəkdir”.
Mənbə: Techradar.com