Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin “Xarici İşlər Nazirliyi” Prezident Administrasiyasının görüş təklifinə reaksiya verib.
Novator.az bildirir ki, martın 13-də Prezident Administrasiyası rəsmi məlumat yayaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davamı, Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə paytaxt Bakıda keçirilməsi təklif olunub.
İşğalçı rejimin “Xarici İşlər Nazirliyi”nin 14 mart açıqlamasında qeyd olunur ki, Azərbaycan rəsmiləri ilə görüşə Rusiya sülhməramlıları vasitəçilik etməli, müzakirələr əvvəlki məkanda aparılmalı, humanitar, infrastruktur, texniki məsələləri əhatə etməli, siyasiləşməyə yol verilməməlidir.
Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi deputat Ramin Məmmədovdur.
Martın 1-i Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin mütəxəssislərindən ibarət qrupun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Xəbərə görə, görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Yuxarı Qarabağdakı işğalçı rejim erməni nümayəndə heyətinə “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyanın başçılıq etdiyini açıqlayıb. Rejim iddia edir ki, Xocalı görüşündə Yuxarı Qarabağa Ermənistandan təbii qaz və elektrik enerjisi ötürülməsinə maneələrin aradan qaldırılması; Azərbaycan nümayəndələrinin Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında bir dəfə əyani monitorinq aparmasına imkan yaradılması; Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun tam açılması məsələləri müzakirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Bu məsələ Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla keçirilmiş görüşlərdə müzakirə olunub, ancaq ermənilər Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsini əngəlləyib. 2022-ci il dekabrın 12-dən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.