Moskva Şəhər Məhkəməsində siyasətçi, jurnalist Vladimir Kara-Murzanın işi üzrə proses başlayıb.
Novator.az bildirir ki, Vladimir Kara-Murza 2022-ci il aprelin 11-dən həbsdədir. Həmin gün Moskva polisi onu hüquq mühafizə orqanlarının qanuni tələblərinə qəsdən tabe olmamaq ittihamı ilə tutub. Bundan bir sutka əvvəl Kara-Murza ABŞ-ın CNN kanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin hakimiyyətini “qatil rejim” adlandırmışdı. Tutulandan sonra Kara-Murzaya yeni və daha ağır ittihamlar irəli sürülüb, ona cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Kara-Murza dövlətə xəyanətdə, rus ordusu haqda yalan məlumat yaymaqda və Rusiyada fəaliyyəti yasaqlanmış xarici qeyri-hökumət təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
“Associated Press” agentliyi xəbər verir ki, ittihamlar sübuta yetirilsə, Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum oluna bilər.
2022-ci il fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Az sonra ölkədə yeni qanun qəbul edilib. Qanun Ukraynaya hücumu müharibə adlandıran insanların cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını nəzərdə tutur. Rusiya hakimiyyətinin qanuna saldığı tələbə görə, Ukraynada baş verənlər müharibə yox, hərbi əməliyyatdır; təcavüz yox, müdafiədir, xilaskarlıqdır; faşizm deyil, çağdaş nasizmlə mübarizədir. Əksini iddia edənlər üçün sərt cəzalar müəyyənləşdirilib.
Vladimir Kara-Murza Putin rejiminin sərt tənqidçilərindən biridir. O, iki dəfə – 2015 və 2017-ci illərdə şübhəli şəkildə Moskvada zəhərlənib. Həkimlər zəhərlənmənin mənbəyini dəqiq müəyyənləşdirməyiblər. Hər iki zəhərlənmə zamanı Kara-Murza xaricdə müalicə olunub və hər dəfə sağalandan sonra Rusiyaya qayıdıb. 2022-ci ilin fevral ayında Ukrayna ilə müharibə başlananda o, yenə xaricdən vətəninə dönüb.
Həyat yoldaşı Yevgeniya Kara-Murza 2022-ci ilin iyun ayında ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc etdirdiyi məqalədə bunu belə izah edib: “Vladimirin bütün bu hərəkətlərinin səbəbi çox sadədir: o hesab edir ki, bir rusiyalı siyasətçi kimi insanların hazırkı rejimlə mübarizə apardığı məkanda olmalı, rus xalqının vətəndə üzləşdiyi problemlərlə, risklərlə o da üzləşməlidir.
O öz ölkəsinə və xalqına inanır. O, rus xalqının azadlığa layiq olduğuna qəti əmin olan bir patriotdur. Həyat yoldaşım hesab edir ki, vətənpərvər adam cahil millətçilərə və onların quldur dəstələrinə güzəştə getməməlidir. Ukraynaya hücum başlananda Vladimirin Rusiyaya dönməkdə əsas məqsədi rus xalqının bu müharibəni dəstəkləmədiyini göstərmək olub”.
Rusiyada Ukrayna müharibəsinə etiraz edən xeyli adamın həbs olunduğunu xatırladan Yevgeniya Kara-Murza vurğulayıb ki, həmin insanlar həbs olunacağını, döyüləcəyini, işgəncəyə məruz qalacağını, alçaldılacağını bilə-bilə etiraza qalxıblar: “Vladimir belə insanların yanında olmağı vacib sayır və hansı riskə getdiyini də çox yaxşı bilir”.
Mənbə: Apnews.com