Dünya mediasından
- 13 Mart 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Çin dövləti nəinki ölkədə etnik-dini azlıq olan müsəlman türkləri – uyğurları repressiyaya məruz qoyur, üstəlik, xaricdə uyğurların hüquqlarını müdafiə edənlərə də hücum çəkir. Belçikanın tanınmış siyasətçisi, parlamentin üzvü Samuel Koqolati 2021-ci ilin yanvarında Çində müsəlman uyğurların soyqırımına məruz qaldığı barədə qətnamə layihəsi hazırladığı dövrdə kiberhücumun hədəfinə çevrilib. Belçikanın Kibertəhlükəsizlik Agentliyi bu hücumun arxasında Çin dövlətinin maliyyələşdirdiyi “APT31” adlı xüsusi qrupun dayandığını aşkarlayıb. “Financial Times” qəzetinin əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvarında Belçikanın Kibertəhlükəsizlik Agentliyindən deputata bu haqda məktub göndərib. Məktubda vurğulanıb ki, “ART31” qrupunun əsas işi Çinin hakim rejimini – Kommunist Partiyasını tənqid edən insanları hədəfə almaqdır. “Financial Times” yazır ki, Belçikanın rəsmi agentliyinin Çin dövlətinin himayə etdiyi qrupun adını çəkməsi artıq Avropanın kibertəhlükəsizlik orqanlarının Pekin rejiminin qanunsuz əməllərinə dözmək istəmədiyini göstərir.
Rusiyada da etnik azlıqlar repressiya altındadır – bir qədər fərqli formada. Böyük Britaniya Müdafiə Nazirliyinin açıqladığı kəşfiyyat hesabatına görə, Ukrayna müharibəsində həlak olan rusiyalı əsgərlərin əksəri Rusiyanın şərqində yaşayan etnik azlıqların nümayəndələridir. Məsələn, Rusiyanın şərq regionlarında müharibə qurbanlarının sayı paytaxt Moskvanın sakinləri ilə müqayisədə 30 faiz çoxdur. Həştərxan vilayətinin əhalisi arasında da müharibə qurbanlarının əksərini etnik azlıqların nümayəndələri təşkil edir. Ukraynada həlak olan Həştərxan sakinlərinin 75%-ə qədəri qazaxlar və tatarlardır.
Rusiya prezidenti Vadimir Putin və onun adamları beynəlxalq sanksiyaların guya Rusiya iqtisadiyyatına təsir etmədiyi barədə daima təbliğat aparır. Bu baxımdan Putinin yaxın adamı kimi tanınan rusiyalı milyarder Oleq Deripaskanın çıxışı çoxlarını təəccübləndirib. Martın 2-də Sibirin inkişafı mövzusuna həsr olunmuş XIX Krasnoyarsk İqtisadi Forumunda çıxış edən Deripaska deyib ki, 2024-cü ildə Rusiyanın xəzinəsi tükənə, pulu qurtara bilər: “Artıq gələn il pul olmayacaq. Bizim xarici investorlara ehtiyacımız var. Maliyyə imkanları tükənmək üzrədir və biz artıq büdrəyirik”. “Bloomberg” agentliyi yazır ki, Rusiyada ilk dəfədir tanınmış biznes liderləri arasında kimsə ölkənin iqtisadi perspektivi mövzusunda bu qədər açıq şəkildə bədbin proqnoz səsləndirir.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan bir ildən çox vaxt ötməsinə baxmayaraq beynəlxalq aləmdə Moskvanın hələ də tərəfdaşları və müttəfiqləri var. Bəs Rusiyanın tərəfində kimlər və nə üçün dayanır? “Euronews” kanalının internet səhifəsində yerləşdirilmiş yazıda bu suala aydınlıq gətirilir. Belarus, Çin, Hindistan, bəzi Latın Amerikası və Afrika ölkələrinin Rusiyanın müttəfiqi sırasında olduğu bildirilir.
Dünya Bankının 190 ölkəni əhatə edən yeni hesabatına görə, dünyada qadınlarla kişilərə bərabər iqtisadi imkanlar yaradan, gender bərabərliyinə əməl edən, qanunvericilikdə qadınlara kişilərlə eyni hüquqlar verən cəmi 14 ölkə var: Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, Yunanıstan, Latviya, Lüksemburq, Portuqaliya, İsveç, Niderland, İslandiya, İrlandiya, Kanada. Hesabatda vurğulanır ki, 2022-ci ildə qadınların qanun qarşısında kişilərlə bərabər hüquqda olmasını təmin etməyə yönəlmiş qlobal islahatların tempi əvvəlki 20 illik dövrlə müqayisədə minimum səviyyəyə enib. Dünya Bankının hesablamasına görə, yer üzündə kişilərlə eyni səviyyədə hüquqlara malik olmayan əmək qabiliyyətli qadınların sayı 2,4 milyard nəfərdir.
Avstraliyanın ABC ictimai yayım şirkəti Kremlin təbliğat maşınının Avstraliyada necə işlədiyi barədə reportaj hazırlayıb. Reportajda deyilir ki, ötən ay Avstraliyanın Adelaida şəhərində COVİD-19 peyvəndlərinə qarşı aksiya keçirilib. Lakin aksiyaya təxminən 10 nəfərə yaxın ruspərəst də qoşulub və onlar əllərində Rusiyanın dövlət bayraqlarını tutublar, bəziləri əyninə “Z” işarəsi həkk edilmiş köynək də geyib. Moskvanın nəzarətində olan informasiya mənbələri isə bu aksiyanı “Rusiyaya dəstək mitinqi” kimi qələmə verib. “RİA Novosti” agentliyi Adelaida aksiyasını “rusiyalı soydaşların öz hüquqlarının pozulmasına etirazı”, “Rusiyanın atdığı addımlara (yəni Kremlin Ukraynada apardığı müharibəyə) yüzlərlə insanın iştirakı ilə dəstək verilməsi” kimi təqdim edib. Agentliyin xəbəri Rusiyanın “Russkiy Mir” Fondunun saytında (Russkiymir.ru) da tirajlanıb. ABC kanalının reportajında vurğulanır ki, Adelaida aksiyasının “Rusiyaya dəstək mitinqi” olması ağ yalandır və bəzi nümayişçilər ruspərəst qrupun aksiyaya soxulub mitinqi ələ almaq cəhdinə görə tədbirin təşkilatçılarına şikayət ediblər. Məsələni ABC kanalına şərh edən ekspert Robert Horvat deyib ki, xaricdəki hadisələri Rusiya mediasında təhrif etmək Vladimir Putin rejiminin oturuşmuş taktikasıdır: “Putin rejiminin təbliğatçıları Qərb hökumətlərinin Ukrayna müharibəsi ilə bağlı qınağını neytrallaşdırmağa çalışır və Adelaida aksiyası ətrafında cərəyan edənlər də buna bir nümunədir. Putinin təbliğatçıları demək istəyirlər ki, guya Qərb hökumətləri Kremli tənqid etsə də, Qərb ölkələrinin əhalisi Putinə və Rusiyanın apardığı müharibəyə rəğbətlə yanaşır. Belə bir təbliğat Kremldən ötrü çox vacibdir, çünki beynəlxalq tənqidlərin, sanksiyaların miqyası, Qərb liderlərinin Rusiyanın dünyadan təcrid olunması barədə davamlı bəyanatları Putin rejiminin legitimliyini şübhə altında qoyub”.
Polşa prezidenti Anjey Duda Qətərdə keçirilən konfrans zamanı ərəb ölkələrinin nümayəndələri ilə görüşüb və həmin görüşlərdə Rusiyanın ərəb dünyasında yaydığı dezinformasiyalara qarşı mübarizə məsələsini qaldırıb. Polşa prezidenti vurğulayıb ki, Rusiyanın apardığı saxta təbliğatın təsiri Ərəbistan yarımadasında açıq hiss olunur və Moskvanın Ukraynaya təcavüzü haqda həqiqətlərin ərəb dünyasında işıqlandırılmasına ciddi ehtiyac var. Anjey Duda jurnalsitlərə açıqlamasında bildirib ki, Rusiyanın rəsmi, yaxud qeyri-rəsmi mənbələrinin, kütləvi informasiya vasitələrinin yaydığı məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur: “Bu, faktiki yeni cildə girmiş rus imperializmidir. Bu, neokolonializmin bir növüdür, Ukraynanı, onun xalqını köləyə çevirmək, ölkənin zəngin təbii sərvətlərini talamaq, Ukrayna cəmiyyətinin potensialını mənimsəmək ehtirasının nəticəsidir. Rusiyanı hərəkətə gətirən əsas motiv budur”.