Türkiyədə parlament və prezident seçkilərinin tarixi rəsmiləşib: 14 may. Qərarı martın 10-da dövlət başçısı Rəcəb Teyyub Ərdoğan imzalayıb.
Novator.az bildirir ki, partiyalar 5 il müddətinə seçilən 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır.
Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.
Prezidentin də səlahiyyət müddəti 5 ildir. İlk turda prezident seçilmək üçün sadə səs çoxluğu – etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura çıxır.
Hər iki seçkidə əsas rəqiblər Xalq ittifaqı və Millət ittifaqıdır.
Xalq ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası prezidentliyə Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib. 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasının lideridir. 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.
Cümhuriyyət Xalq Partiyası, Səadət Partiyası, Yaxşı Partiya, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası və Demokrat Partiyasını birləşdirən Millət ittifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğludur. 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədri, parlamentin üzvüdür.
Hazırda 577 deputatı olan Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının 285, Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 37, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 3 nəfər partiyasızdır.