Martın 7-dən 10-dək Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra durumunu müzakirə edən Avropa Şurasının Nazirlər Komitəsi qətnamələr çıxarıb. Aihmaz.org bildirir ki, Azərbaycanla bağlı qərarların 30-na Qafqaz Məmmədov qrupu daxilində nəzarət edilir. Qərarlar müxalif qüvvələrin etiraz aksiyalarının dağıdılması ilə ərizəçilərin sərbəst toplaşmaq azadlığının pozulması, aksiya iştirakçılarının tutulması, inzibati cəza alması, azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Nazirlər Komitəsinin qətnaməsində qeyd olunur ki, qrupdakı 3 iş üzrə kompensasiyalar hələ də ödənməyib, Azərbaycan dövləti bununla bağlı gərəkli məlumat təqdim etməli, polisin sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq səlahiyyətlərinə qarşı yetərli təminatlar üçün qanunvericilik islahatları aparılmalıdır.
Sənəddə inzibati həbslərin, saxlanmaların qanuniliyi və inzibati icraatın ədalətliliyi ilə bağlı milli qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərə çağırış da yer alır.
Anar Məmmədli qrupunda 5 qərarın – hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, fəallar Qiyas İbrahimov, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), jurnalist Xədicə İsmayılın şikayətləri üzrə çıxarılan qərarlar nəzarət altındadır. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılığa, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə həbs edilmələri, azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Nazirlər Komitəsi bu qrup üzrə qətnamədə qeyd edir ki, ərizəçilərin məhkumluqları ləğv olunmalı, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün nəticələri aradan qaldırılmalıdır.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.