Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsinə görə səfərbərliyə çağırılan döyüşçülərin ailələrinə xüsusi pasportların verilməsi təşəbbüsünü dəstəkləyir.
Novator.az-ın məlumatına görə, Putin bunu martın 6-da Kurqan vilayətinin qubernatoru Vadim Şumkovla video zəng formatında keçirdiyi görüşdə deyib.
Kurqanda səfərbərliyə çağırılan şəxslərin ailələrinə ayrıca pasportlar verilir.
Video zəng zamanı Putin belə bir təşəbbüsə görə qubernatora minnətdarlıq edərək vurğulayıb: “Səfərbərliyə çağırılmış hər əsgərin ailəsinə pasport verilməsi çox yaxşı ideyadır. Məncə, bunu bütün ölkəyə yaymaq gərəkdir”.
Rusiyanın “Kommersant” qəzeti yazır ki, səfərbərliyə cəlb olunanların ailələrinə xüsusi pasportlar təkcə Kurqanda yox, Voloqda vilayətində və Sankt-Peterburq şəhərində də verilir: “Povolojye regionunda da bu ideyanın reallaşdırlmasına hazırlıq görülür”.
Rusiyada Ukrayna müharibəsinə görə səfərbərliyə çağırılanların özləri ilə bərabər ailələri üçün də müəyyən güzəştlər nəzərdə tutulur. “Kommersant” yazır ki, xüsusi pasportlar belə ailələrin sosial problemlərinə ünvanlı yanaşmağa, bürokratik əngəlləri aradan qaldırmağa şərait yaradır.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Ukraynada aparılan hərbi əməliyyatların effektini artırmaq üçün qismən səfərbərliyi nəzərdə tutan fərman imzalayıb.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Putinin 21 sentyabr 2022-ci il fərmanına uyğun olaraq Rusiyada 300 mindən çox adamın səfərbərliyə alındığı, onların təxminən yarısının döyüş bölgəsinə göndərildiyi bildirilir.
2023-cü ilin yanvarında Ukraynanın Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya döyüşlərdə axsadığı, böyük itkilərə məruz qaldığı üçün daha 500 min adamı səfərbərliyə çağırmağı planlaşdırır.
Mənbələr: Kommersant.ru, Rbc.ru, Jpost.com