Müdafiə Nazirliyi Yuxarı Qarabağdakı 5 mart toqquşması ilə bağlı yeni açıqlama yayıb. Qeyd olunur ki, həmin gün Azərbaycan Ordusunun bölmələri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan qanunsuz hərbi daşımalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsini saxlayaraq yoxlamağa cəhd göstərib: “Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobildə olan erməni silahlı dəstəsinin üzvləri hərbi qulluqçularımızı avtomat silahlardan atəşə tutub, nəticədə iki hərbçimiz şəhid olub, biri yaralanıb. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilib, biri yaralanıb.
Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınmasını davam etdirir, eləcə də şəxsi heyətin rotasiyasını həyata keçirir. Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaq”.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.