Türkiyədə mayın 14-nə təyin olunması gözlənən parlament və prezident seçkilərində əsas müxalif qüvvə Millət ittifaqıdır. Qurum prezidentliyə Kamal Kılıçdaroğlunu namizəd göstərib.
1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədri, parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Prezident seçiləcəyi halda Kamal Kılıçdaroğlu Millət ittifaqına daxil olan partiyaların liderlərini vitse-prezident təyin etməlidir.
Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası ilə yanaşı Səadət Partiyası, Yaxşı Partiya, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Demokrat Partiyası yer alır.
Səadət Partiyasına 1941-ci il təvəllüdlü Təməl Qaramollaoğlu liderlik edir.
Yaxşı Partiyanın başında 1956-cı il təvəllüdlü Maral Akşener dayanır. O, Türkiyə Böyük Millət Məclisinin üzvüdür.
Gələcək Partiyasına 1959-cu il təvəllüdlü Əhməd Davudoğlu liderlik edir. Xarici işlər naziri, baş nazir postlarını tutub.
Demokratiya və Sıçrayış Partiyasına 1967-ci il təvəllüdlü Əli Babacan liderlik edir. İqtisadiyyata məsul dövlət naziri, xarici işlər naziri, baş nazirin müavini olub.
Demokrat Partiyasına 1976-cı il təvəllüdlü Gültəkin Uysal liderlik edir. Parlamentin deputatıdır.
Millət ittifaqının planına görə, Ankara və İstanbul böyük şəhər bələdiyyələrinin başçıları Mənsur Yavaşla Əkrəm İmamoğlu da vitse-prezident təyin oluna bilərlər.
1955-ci il təvəllüdlü Mənsur Yavaş Cümhuriyyət Xalq Partiyasının üzvüdür. 2019-cu ildən Ankara böyük şəhər bələdiyyəsinin başçısıdır.
1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının üzvüdür. 2019-cu ildən İstanbul böyük şəhər bələdiyyəsinin başçısıdır.
Novator.az bildirir ki, Türkiyə Konstitusiyasına görə, vitse-prezident prezident və parlament sədrindən sonra üçüncü ali vəzifəli şəxs, Milli Təhlükəsizlik Şurasının və Ali Hərbi Şuranın üzvüdür.
Vitse-prezidentin təyinatı prezidentin səlahiyyətindədir. Prezident vəzifədən düşdüyü halda növbəti prezident seçilənə qədər onu ən yaşlı vitse-prezident əvəz edir. Xəstələndiyi və xarici səfərə getdiyi təqdirdə prezidentin səlahiyyətləri müvəqqəti olaraq vitse-prezidentə keçir.
Hazırda Türkiyədə bir vitse-prezident var: Fuad Oqtay. 1964-cü il təvəllüdlü Fuad Oqtay 2018-ci il iyulun 9-da vitse-prezident təyin olunub.
Xalq ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası prezidentliyə indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan 2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideridir. 2003-cü il martın 14-dən baş nazir olub, 10 avqust 2014-cü ildə prezident seçilib, avqustun 28-də səlahiyyətlərinin icrasına başlayıb.
2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.
24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həm dövlət, həm də hökumət başçısıdır.
Millət ittifaqı Türkiyəni parlament idarə üsuluna qaytarmaq istəyir.
Böyük Millət Məclisi 600 nəfərlikdir.