ABŞ ukraynalı pilotların F-16 qırıcılarını idarə etməyə qabil olub-olmadığını sınayır. Novator.az bildirir ki, xəbəri Böyük Britaniyanın “The Telegraph” qəzeti yayıb.
Sınaqdan keçmək üçün iki pilotun Ukraynadan ABŞ-ın Arizona ştatının Tukson şəhərindəki hərbi bazaya aparıldığı bildirilir. Tezliklə onların sırasına daha 10 ukraynalı pilotun qoşula biləcəyi də vurğulanır.
Adının çəkilməsini istəməyən amerikalı hərbi məmurların dediyinə görə, məqsəd həm ukraynalı pilotların uçuş bacarığını təkmilləşdirmək, həm də onlara F-16 kimi müasir qırıcı təyyarələri idarə etməyi öyrətmək üçün nə qədər vaxt lazım ola biləcəyini dəqiqləşdirməkdir.
“The Telegraph” xatırladır ki, ABŞ hələ ki, Ukraynaya F-16 təyyarələri vermək qərarına gəlməyib: “Pentaqonun sözçüsü Kolin Kal da ötən həftə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə deyib ki, Ukraynaya F-16 verilməsi barədə qərar qəbul olunmayıb.
Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən israrla müasir hərbi təyyarələr istəyir. Düzdür, o, ümidini daha çox sovet dövründən qalma, modernləşdirilmiş MİQ-29 təyyarələrinə bağlayır”.
“The Telegraph” vurğulayır ki, ABŞ Konqresinin bəzi üzvləri, o cümlədən Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem Ağ evdən Ukraynanın F-16 qırıcıları ilə təchiz olunmasını tələb edir.
Ötən ay Almaniyada Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən Lindsi Qrem bildirib ki, ABŞ Konqresində ukraynalılara F-16 qırıcıları üzrə təlim keçilməsi məsələsi ilə bağlı faktiki yekdil rəy mövcuddur.
ABŞ-ın ABC kanalına açıqlamasında isə Lindsi Qrem belə deyib: “Oturub fikirləşməyin ki, birdən Putini qıcıqlandırarsınız. Onu fikirləşin ki, Putinə qalib gəlmək lazımdır”.
“The Telegraph” yazır ki, ABŞ prezidenti Cozef Bayden indiyədək ölçülü-biçili davranmaq, Ukraynaya Moskva ilə NATO arasında toqquşmaya gətirib çıxarmayacaq həddə dəstək vermək xəttini tutub: “Bəzi ekspertlər Vaşinqtonun əvvəl-axır Ukraynanın istəyini yerinə yetirəcəyini söyləyirlər. Amma Kolin Kal yaxın vaxtda ABŞ-ın siyasətində dəyişiklik ola biləcəyini təsdiqləməyib. O deyib ki, ABŞ F-16 qırıcıları üzrə təlimlərə başlamayıb. Pilotların hazırlanması, təyyarələrin göndərilməsi isə elə bir prosesdir ki, bundan ötrü 18 ay vaxt lazımdır. Ona görə Kolin Kal bildirib ki, hətta təlimlərə indi başlansa belə, bu heç də prosesin tez yekunlaşacağı anlamına gələ bilməz”.
“The Telegraph”ın xəbərində Kolin Kalın bu sözləri də iqtibas gətirilir: “Müttəfiqlərimiz və tərəfdaşlarımız kimi biz də Kiyevi F-16 qırıcıları ilə təchiz etmək barədə qərar çıxarmamışıq. Belə bir vəziyyətdə ukraynalı pilotlara bəlkə də heç vaxt əldə edə bilməyəcəkləri bir sistem üzrə təlim keçməyin mənası yoxdur”.
Mənbə: Telegraph.co.uk