Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyası 6 parlament, 4 bələdiyyə, 2 prezident seçkisində, 3 referendumda (üst-üstə 15 ümumxalq səsverməsində) qalib olub.
Novator.az bildirir ki, 2001-ci ildə yaradılmış partiya 3 noyabr 2002-ci ilin, 22 iyul 2007-ci ilin, 12 iyun 2011-ci ilin parlament seçkilərini udaraq təkbaşına hökumət qurmaq hüququ əldə edib.
7 iyun 2015-ci ilin seçkisində Ədalət və İnkişaf Partiyası mandatların yarıdan çoxunu ala bilməyib, koalisiya danışıqları isə uğursuz olub, növbədənkənar seçkiyə gedilib. 1 noyabr 2015-ci ilin parlament seçkisindən sonra Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
Partiya 28 mart 2004-cü ilin, 29 mart 2009-cu ilin, 30 mart 2014-cü ilin, 31 mart 2019-cu ilin bələdiyyə seçkilərində də üstün gəlib.
Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir olub, 10 avqust 2014-cü ildə prezident seçilib, avqustun 28-də səlahiyyətlərinin icrasına başlayıb.
Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə konstitusiyaya yenilik referendumları keçirilib. 21 oktyabr 2007-ci ilin və 12 sentyabr 2010-cu ilin referendumlarında parlament idarəçiliyi cilovlanıb, 16 aprel 2017-ci ilin referendumunda prezident idarə üsuluna keçid təklifi dəstək qazanıb.
24 iyun 2018-ci ildə parlament və prezident seçkiləri keçirilib, prezident seçkisində Rəcəb Teyyub Ərdoğan, parlament seçkisində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasını birləşdirən Xalq ittifaqı qalib gəlib. Həmin gündən Türkiyədə prezident həm də hökumət başçısıdır.
14 may 2023-cü ildə yeni qoşa seçki – parlament və prezident seçkiləri gözlənir. Xalq ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası prezidentliyə Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib.
Dövlət başçısının əsas rəqibi Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyasını birləşdirən Millət ittifaqının namizədi Kamal Kılıçdaroğludur. Cümhuriyyət Xalq Partiyasına sədrlik edən Kamal Kılıçdaroğlu 2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Millət ittifaqı Türkiyəni parlament idarə üsuluna qaytarmaq istəyir.
Böyük Millət Məclisi 600 nəfərlikdir.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan 1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.