Türkiyə parlament və prezident seçkilərinə hazırlaşır. Qoşa seçkinin mayın 14-nə təyin olunması gözlənir.
Novator.az bildirir ki, partiyalar ümumxalq seçkisində 5 il müddətinə seçilən 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır (təkbaşına və ya ittifaq daxilində).
Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür. Dairələrdən neçə millət vəkili seçilməsi əhalinin sayına bağlıdır.
40 yaşına çatmış, ali təhsilli, millət vəkili seçilmək hüququ olan Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.
Ümumxalq seçkisində seçilən prezidentin səlahiyyət müddəti 5 ildir.
Parlamentin azı 20 üzvünün, sonuncu parlament seçkisində etibarlı səslərin azı 5 faizini almış (təkbaşına və ya ittifaq daxilində) siyasi partiyaların, eləcə də azı 100 min vətəndaşın prezidentliyə namizəd göstərmək hüququ var.
İlk turda prezident seçilmək üçün sadə səs çoxluğu – etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura çıxır. İkinci turda qələbə üçün nisbi səs çoxluğu kifayətdir, ancaq bir namizəd qaldığı halda səslərin 50 faizindən çoxunu almaq gərəkdir.
Hazırda Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan prezidentdir. O, 2014-cü ildə prezident seçilib. 2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub. 24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həm dövlət, həm də hökumət başçısıdır.
Rəcəb Teyyub Ərdoğan 2023-cü ilin seçkisində də prezidentliyə namizəddir.
Böyük Millət Məclisinin hazırda 577 üzvü var.
Ədalət və İnkişaf Partiyası parlamentdə 285 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 37, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 3 deputat partiyasızdır.