Türkiyədə müxalif Millət ittifaqı yenidən tam tərkibdə bir araya gəlir. Novator.az bildirir ki, martın 6-da Yaxşı Partiyanın lideri Maral Akşenerin ittifaqdakı müzakirələrə dönmək qərarı verdiyi açıqlanıb.
Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası da yer alır.
Mayın 14-ü Türkiyədə parlament və prezident seçkisi keçirilməlidir.
Martın 6-da Millət ittifaqı prezidentliyə vahid namizədinin adını açıqlamalıdır. Seçkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə gediləcəyi vurğulanır.
Maral Akşener martın 3-də Kamal Kılıçdaroğlunun namizədliyi ilə razılaşmadığını deyərək Yaxşı Partiyanın Millət ittifaqından çıxdığını bəyan etmişdi.
1956-cı il təvəllüdlü Maral Akşener 1995-2001-ci illərdə Doğru Yol Partiyasının, 2001-2016-cı illərdə Milliyyətçi Hərəkat Partiyasının üzvü olub.
İki dəfə Doğru Yol Partiyasından, üç dəfə Milliyyətçi Hərəkat Partiyasından parlament üzvü seçilib.
Yaxşı Partiyanı 2017-ci ildə yaradıb, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinə mandat alıb.
Kamal Kılıçdaroğlu 1948-ci il dekabrın 17-də Tunceli vilayətində doğulub. Paytaxt Ankarada iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib, Ankaranın Hacettepe Universitetində dərs deyib.
2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Cümhuriyyət Xalq Partiyasına 2010-cu il mayın 22-dən sədrlik edir.
Xalq ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası prezidentliyə indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb. 2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideridir.
Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib.
2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.
24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həm dövlət, həm də hökumət başçısıdır.
600 nəfərlik Böyük Millət Məclisinin hazırda 577 üzvü var.
Ədalət və İnkişaf Partiyası parlamentdə 285 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 37, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 3 deputat partiyasızdır.