Türkiyənin 6 müxalif partiyasını birləşdirən Millət ittifaqı martın 6-da prezidentliyə vahid namizədinin adını açıqlayıb: Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu.
Prezident seçkisi ilə eyni gündə parlament də yenilənəcək. Qoşa seçkinin mayın 14-nə təyin olunması gözlənir.
Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası cəmləşib. Yaxşı Partiyaya Maral Akşener, Səadət Partiyasına Təməl Qaramollaoğlu, Demokratiya və Sıçrayış Partiyasına Əli Babacan, Gələcək Partiyasına Əhməd Davudoğlu, Demokrat Partiyasına Gültəkin Uysal liderlik edir.
Novator.az bildirir ki, 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.
2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Cümhuriyyət Xalq Partiyasına 2010-cu il mayın 22-dən sədrlik edir.
Vahid namizəd razılaşması Türkiyənin parlament idarə üsuluna qayıtması üçün keçid dövrünü nəzərdə tutur. Millət ittifaqına daxil olan partiyaların liderləri keçid dövründə vitse-prezident təyin olunacaq, hər bir partiya azı bir nazir postu alacaq, təyinat və postdan götürmədə, ciddi siyasi qərarların qəbulunda uzlaşma prinsipi əsas götürüləcək.
Xalq ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası prezidentliyə indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb. 2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideridir.
Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib.
2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.
24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həm dövlət, həm də hökumət başçısıdır.
600 nəfərlik Böyük Millət Məclisinin hazırda 577 üzvü var.
Ədalət və İnkişaf Partiyası parlamentdə 285 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 37, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 3 deputat partiyasızdır.