Müxalif siyasətçilər Qarabağdakı son gərginliyi şərh edib.
Martın 5-də Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Yuxarı Qarabağa daşınması barədə operativ məlumat alınıb. Azərbaycan Ordusunun bölmələri məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrini saxlayaraq yoxlamağa cəhd göstərib. Qarşı tərəfdən atəş açılıb, Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, əvvəllər itkilərə səbəb olan təxribatlar Azərbaycan-Ermənistan sərhədində baş verirdi: “İndi Ermənistan ərazisində avropalı müşahidəçilər olduğu üçün Rusiya buna cəsarət etmir. İtkilərə səbəb olan təxribatların “sülhməramlı qüvvələr”in nəzarəti altında olan Azərbaycan ərazisinə keçməsinin əsas səbəbi budur. Nə qədər ki, rus hərbi qüvvələri Azərbaycan ərazisindədir, Qarabağ münaqişəsi həll olunmayacaq, qanlı toqquşmalar davam edəcək. İndi əsas ümummilli hədəfimiz Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması olmalıdır”.
AXCP sədri Əli Kərimli yazır ki, Qarabağın işğal altında qalan hissəsinə nəzarəti Rusiya hərbçiləri həyata keçirir: “Deməli, erməni silahlı qüvvələrinin alternativ yollardan istifadə etməklə silah, sursat daşımasına da onlar şərait yaradır. Nə vaxta qədər ki, 10 min nəfərdən artıq erməni silahlı qüvvələri Qarabağdan çıxarılmayıb, belə təxribatlar təkrarlanacaq və sülh prosesini sabotaj edəcək. Erməni silahlı qüvvələrini Qarabağdan çıxarmaq Rusiyanın öhdəliyidir, bu öhdəlik yerinə yetirilməyib.
Qarabağa Ermənistan ərazisindən bütün daşımalar Laçın yolundan olmalıdır və digər yollardan istifadə cəhdi qanunsuzdur. Son təxribat bir daha sübut edir ki, Laçın yolunun girişində – Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması vacibdir”.
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Laçın yolunun girişində sərhəd məntəqəsi qurmağın qaçılmaz olduğunu qeyd edir. O həmçinin yazır ki, Rusiya “sülhməramlıları” ancaq qondarma rejimi qoruyub-bəsləməklə məşğuldur, ona görə də Milli Məclisin gündəliyinə Rusiya hərbçilərinin Azərbaycan ərazisindən dərhal çıxarılması ilə bağlı müzakirə salınmalıdır.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
2022-ci il oktyabrın 26-dan dekabrın 19-dək Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyası müşahidə aparıb. 2023-cü il yanvarın 23-də Avropa İttifaqı Ermənistana ilkin olaraq 2 il müddətinə yeni müşahidə heyəti göndərmək qərarı verib.