Müdafiə Nazirliyinin məlumatına görə, martın 5-i saat 15-dən martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə vurulub: “Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutub”.
Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin isə Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqelərini atəşə tutduğu, cavab tədbirləri görüldüyü xəbər verilir.
Martın 5-də Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Yuxarı Qarabağa daşınması barədə operativ məlumat alınıb. Azərbaycan Ordusunun bölmələri məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrini saxlayaraq yoxlamağa cəhd göstərib. Qarşı tərəfdən atəş açılıb, Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.