Çin hökuməti xəritələrdə yer adlarının yazılması qaydalarına dəyişiklik edib.
Novator.az xəbər verir ki, Çinin Təbii Sərvətlər Nazirliyinin elan etdiyi dəyişikliyə əsasən, ölkədə dərc olunan xəritələrdə Rusiyanın Vladivostok, Ussuriysk, Xabarovsk, Blaqoveşensk, Nerçinsk, Nikolayevsk şəhərlərinin, Saxalin adasının və Stanovoy sıra dağlarının adlarından, yəni Rusiyanın rəsmən qəbul etdiyi bu adlardan sonra mötərizədə vaxtilə çinlilərin həmin yerlərə verdiyi adlar da yazılmalıdır.
Göstərilən şəhərlərin hamısı həm də Rusiyada inzibati-ərazi vahidi mərkəzidir.
Saxalin Rusiyanın ən böyük adasıdır və Kuril adaları ilə birgə Saxalin vilayətinə daxildir.
Stanovoy sıra dağları Rusiyada 700 kilometr uzunluğunda ərazidən keçir, Amur vilayəti ilə Saxa Respublikası (Yakutiya) arasında yerləşir, bir hissəsi Xabarovsk diyarına düşür.
Mərkəzində Vladivostok, Ussuriysk, Xabarovsk, Blaqoveşensk, Nerçinsk, Nikolayevsk şəhərləri duran regionlar, Saxalin adası və Stanovoy sıra dağları Uzaq Şərqdə – Çin Xalq Respublikası ilə sərhəddə yerləşir. Rusiya bu əraziləri XIX əsrin ikinci yarısında Çindən qopararaq özünə birləşdirib. Çar Rusiyası bu ilhaqı Qərb ölkələrinin Sin imperiyasına qarşı apardığı amansız tiryək müharibələri nəticəsində Çinin həmin ölkələrlə qeyri-bərabər şərtlərlə bağladığı müqavilələrdən yararlanmaqla həyata keçirib. Sözügedən müqavilələr eyni zamanda Honqkonqun britaniyalılara verilməsi ilə nəticələnib. Çin bu gün də o müqavilələrdən narazıdır.
Novator.az-ın məlumatına görə, Çinin xəritələrdə yer adlarının yazılması qaydalarına etdiyi dəyişiklik dünyanın bir sıra KİV-ində geniş şərh olunub.
Yaponiyanın “Sankei Şinbun” qəzetinin əməkdaşı Akio Yabana öz şərhində Çin hökumətinə belə bir sual ünvanlayıb: “Yoxsa itirilmiş torpaqları geri almaq istəyirsiz?”
Qəzetin digər əməkdaşı Akio Yaita isə bildirib ki, başqaları çətin vəziyyətə düşəndə Çin həmişə bundan öz xeyrinə yaralanmağa çalışır: “Rusiya həqiqətən tezliklə dağılsa, çox güman, Çin lideri Si Cinpin dərhal itirilmiş əraziləri geri qaytarmaq əmrini verəcək”.
Honqkonda çıxan “Asia Times” qəzetinin dərc etdiyi şərhdə vurğulanıb: “Taleyin ironiyasına bax, Çin bu yaxınlarda Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün plan təqdim edib. Üstündən bir qədər keçəndən sonra isə Çin xəritə məsələsində Rusiyanın ziyanına çox həssas bir dəyişikliyə gedib”.
Çinin üzdə Rusiya ilə dostluq sərgiləsə də, vaxtilə itirdiyi torpaqları unutmadığını qeyd edən “Asia Times” qəzeti diqqətə çatdırıb ki, xəritədə yer adlarının yazılışı ilə bağlı yeni qaydalar müəyyənləşdirməklə rəsmi Pekin faktiki olaraq itirilmiş əraziləri geri qaytarmaq niyyətini nümayiş etdirib.
Ukraynanın ingilisdilli “Kyiv Post” qəzeti də məsələyə toxunub. Qəzet qeyd edib ki, Çin öz yeni qaydaları ilə sözün əsl mənasında Rusiyaya meydan oxumağa başlayıb: “İki ölkənin münasibətləri heç də zahirən göründüyü kimi deyil və hazırkı vəziyyət Rusiyanı narahat etməyə bilməz. Moskvanın reaksiyasını gözləyək, hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək”.
Fransanın beynəlxalq radio xəbərləri şəbəkəsi (Radio France İnternational) mövzudan bəhs edərkən Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van İnin bu yaxınlarda Moskvada səfərdə olarkən dediyi “Rusiya ilə Çin arasında dostluq qaya kimi möhkəmdir” sözlərini yada salıb və vurğulayıb ki, Rusiya-Çin münasibətləri daima tarixi yalanlar üzərində formalaşıb, bunu tarixdən az-çox xəbəri olan hər kəs bilir.
Mənbələr: Gaodawei.wordpress.com, Asiatimes.com, Kyivpost.com