
Türkiyə: müxalif cinahda zəlzələ
- 03 Mart 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Türkiyədə əsas müxalif düşərgə parçalanır. Novator.az-ın məlumatına görə, Yaxşı Partiyanın lideri Maral Akşener martın 3-də qurumun Millət ittifaqından çıxdığını bəyan edib. Siyasətçi deyib ki, Yaxşı Partiya Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezident seçkisində vahid namizəd olması ilə razılaşmır. O, namizəd kimi Ankara böyük şəhər bələdiyyəsinin başçısı Mənsur Yavaşı və ya İstanbul böyük şəhər bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunu məqbul variant saydığını, ancaq başqa partiyaların buna razılaşmadığını vurğulayıb.
1956-cı il təvəllüdlü Maral Akşener 1995-2001-ci illərdə Doğru Yol Partiyasının, 2001-2016-cı illərdə Milliyyətçi Hərəkat Partiyasının üzvü olub.
İki dəfə Doğru Yol Partiyasından, üç dəfə Milliyyətçi Hərəkat Partiyasından parlament üzvü seçilib.
Yaxşı Partiyanı 2017-ci ildə yaradıb, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinə mandat alıb.
1955-ci il təvəllüdlü Mənsur Yavaş 1989-cu ildən Milliyyətçi Çalışma Partiyasının (1993-cü ildən Milliyyətçi Hərəkat Partiyası adlanır), 2013-2016-cı illərdə Cümhuriyyət Xalq Partiyasının üzvü olub. 2018-ci ildən yenidən Cümhuriyyət Xalq Partiyasındadır. 1999-2009-cu illərdə paytaxt Ankaranın Bəybazarı rayonunun bələdiyyə başçısı postunu tutub. 2019-cu ildən Ankara böyük şəhər bələdiyyəsinin başçısıdır.
1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu 2008-ci ildən Cümhuriyyət Xalq Partiyasının üzvüdür. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019-cu ildən İstanbul böyük şəhər bələdiyyəsinin başçısıdır.
Martın 2-də yayılan məlumatda bildirilmişdi ki, Millət ittifaqı prezidentliyə vahid namizədini müəyyənləşdirib, həmin şəxsin adı martın 6-da açıqlanacaq. Seçkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə gediləcəyi vurğulanmışdı.
Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası cəmləşmişdi.
Prezident seçkisi ilə eyni gündə parlament də yenilənəcək. Qoşa seçkinin mayın 14-nə təyin olunması gözlənir.
Kamal Kılıçdaroğlu 1948-ci il dekabrın 17-də Tunceli vilayətində doğulub. Paytaxt Ankarada iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib, Ankaranın Hacettepe Universitetində dərs deyib.
2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Cümhuriyyət Xalq Partiyasına 2010-cu il mayın 22-dən sədrlik edir.
Seçkilərin hakim cinahında əsas qüvvələr Xalq ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasıdır.
2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib.
2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.
24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həmin gün idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.
2023-cü ilin seçkisində də prezidentliyə namizəd olan Rəcəb Teyyub Ərdoğana Dövlət Baxçalının liderlik etdiyi Milliyyətçi Hərəkat Partiyası və bir neçə başqa partiya dəstək verir.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
600 nəfərlik Böyük Millət Məclisinin hazırda 577 üzvü var.
Ədalət və İnkişaf Partiyası parlamentdə 285 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 37, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 3 deputat partiyasızdır.