
AXCP sədri Əli Kərimli həbsdə aclıq keçirən partiyadaşı Zamin Salayevə müraciət edib. Novator.az-ın məlumatına görə, siyasətçinin martın 3-ü “Facebook” səhifəsində yaydığı müraciətdə deyilir: “Sənin necə mübariz, prinsipial və cəsarətli insan olduğunu çox yaxşı bilirik. Onu da çox yaxşı bilirik ki, bu dəfə də şərlənərək həbs olunmusan və bu haqsızlıqla barışmadığın üçün aclıq aksiyası keçirirsən.
25 gün davam etdirdiyin aclıq aksiyasının orqanizmini üzməsi, səhhətinin pisləşməsi biz əqidə dostlarını çox narahat edir.
Biz cəbhəçilər bu qəddar rejimlə mübarizə yoluna çıxanda bilmişik ki, prinsipial mübarizəmizə görə şərlənərək həbs oluna və başqa məhrumiyyətlərə məruz qala bilərik. Ancaq bu təhlükə bizləri durdura bilməyib. Mübarizə apardığımız, məhrumiyyətlər yaşadığımız illərdə hər zaman ona inanmışıq ki, sonda mütləq azadlıq və ədalət qalib gələcək. Ölkəmizdə azadlıq və ədalətin qalib gəlməsini sürətləndirmək üçün sənin kimi cəsur, mübariz insanlar yaşamalıdır və çox olmalıdır. Həm də xalqımızın repressiv rejim üzərində qələbəsinə töhfə verə bilmək üçün aclığı dayandırıb yaşamalısan. Siyasi məhbus həyatı yaşayan cəbhəçi dostlarımızın, bütün siyasi məhbusların hüquqlarını sonadək müdafiə edəcəyik. Ardıcıl mübarizəmizin nəticəsində siz siyasi məhbuslar da, ölkəmiz də bir gün mütləq azadlığına qovuşacaq”.
AXCP-nin Salyan şöbəsinin sədri olan Zamin Salayev Bakı İstintaq Təcridxanasında saxlanır. O, fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb