Bakı İstintaq Təcridxanasında saxlanan AXCP Salyan şöbəsinin sədri Zamin Salayev aclıq aksiyasını davam etdirir. Məhbus martın 2-də oğlu Oqtay Salayevlə telefonla danışıb. “Turan”a açıqlama verən Oqtay Salayev bildirib ki, atası təcridxananın sanitar hissəsinə köçürülmək istəyinin təmin olunmamasından gileylənib: “Atamın vəziyyəti ağırdır. Deyir aksiya müddətində 25 kiloqram çəki itirib, mədəsi qanaxma verir, ancaq aclıq aksiyasını dayandırmaq fikrində deyil”.
Zamin Salayev fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür