Martın 2-si Bakıda, Konqres Mərkəzində Qoşulmama Hərəkatının koronavirusla mübarizə üzrə təmas qrupunun zirvə görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilən zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, başqa rəsmilər qatılıblar.
İlham Əliyev çıxışında deyib ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi qurumun nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirib: “Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Dünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib”.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verdiyini vurğulayıb: “Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.
2022-ci ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”.
İlham Əliyev beynəlxalq təhlükəsizlik arxitekturasının köklü dəyişikliklərlə üzləşdiyini qeyd edib: “Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunur. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.
Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya soyuq müharibənin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpacaq və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Təəssüf ki, bu gün biz neokolonializm meyilinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”.
1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatında 120 ölkə yer alır. Azərbaycan təşkilata 2011-ci ildə qəbul olunub, 2019-cu ildən qurumda sədrlik edir.