Avropa İnsan Hüquqları Məhkəməsi martın 2-də Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, müxalif fəal Orxan Əyyubzadənin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq hüququnun pozulduğu qənaətinə gələn məhkəmənin qərarına görə, Azərbaycan dövləti ərizəçiyə 9200 avro təzminat ödəməlidir.
Orxan Əyyubzadə 2014-cü ildə tutularaq 2 il müddətinə azadlıqdan məhrum edilib, 2015-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, Avropa Məhkəməsinə şikayətində ittihamların uydurma olduğunu bildirmişdi.
Jurnalist Əfqan Muxtarlı və müxalif funksioner Gülağa Aslanlı Avropa Məhkəməsinə qanunsuz inzibati cərimələr iddiası ilə üz tutublar. Məhkəmə ərizəçilərin azadlıq və toxunulmazılıq, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu qənaətinə gəlib. Gülağa Aslanlının birləşmək hüququnun da pozulduğu vurğulanıb. Qərara əsasən, dövlət ərizəçilərin hər birinə 3 min avro təzminat, ümumilikdə 1000 avro xərc və məsrəf əvəzi ödəməlidir.
Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (İREX) Azərbaycandakı nümayəndəliyi ofisində axtarış zamanı sənədlərin və kompüterlərin götürülməsindən, bank hesabının dondurulmasından şikayətçi olub. Avropa Məhkəməsi ərizəçinin mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozulduğu qənaətinə gəlib. Qərar quruma 5900 avro təzminat ödənməsini nəzərdə tutur.
Hüseynov və daha 5 nəfərin şikayətində ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüquqlarının pozuntusu qaldırılıb. Onlar kommunikasiya mərhələsində dövlətlə anlaşıblar. Anlaşmanın şərtlərinə görə, 4 ərizəçinin hər birinə 2300 avro təzminat və ümumilikdə 2200 avro xərc və məsrəf əvəzi, 1 nəfərə 2250 avro təzminat, 600 avro məbləğində xərc və məsrəf əvəzi, 1 nəfərə 2150 avro təzminat, 700 avro məbləğində xərc və məsrəf əvəzi ödənməlidir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.