Milli Məclisin 64 saylı Sabirabad dairəsindən deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs müəyyən edilib. Xəbəri yayan AZƏRTAC bildirir ki, martın 1-i Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Xəbərə görə, görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Təmasların davam etdiriləcəyi vurğulanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Bu məsələ Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla keçirilmiş görüşlərdə müzakirə olunub, ancaq ermənilər Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsini əngəlləyib. 2022-ci il dekabrın 12-dən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
Novator.az bildirir ki, Ramin Məmmədov 1979-cu il fevralın 17-də Mardakert (indiki Ağdərə) şəhərində doğulub. Bakı Dövlət Universitetinin məzunu, beynəlxalq hüquq və beynəlxalq münasibətlər mütəxəssisidir.
Mədəniyyət Nazirliyində mütəxəssis, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri, Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrini tutub.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.