“Xalq qəzeti”nin 1 mart sayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana 27-28 fevral səfəri ilə bağlı şərh dərc olunub. “Kremlin Bakı vaxtı: əqrəbi bir saat irəli çəkməyin məqamıdır” başlıqlı yazının müəllifi İmran Bədirxanlıdır. O qeyd edir ki, Sergey Lavrovun səfəri zamanı aparılan danışıqların siyasi coğrafiyası geniş, gündəlikdəki mövzular zəngin və operativ olub: “Cənubi Qafqazda Qərbin sürətlə fəallaşması, ön mövqelərə qədər irəliləməsi, Ermənistanda getdikcə güclənən anti-Rusiya faktoru Moskvanı sülh müqaviləsi və Zəngəzur dəhlizi məsələlərinin həllində tələsməyə vadar edir. Bu kontekstdə Rusiyanın Azərbaycan və Ermənistan arasında “sülhyaratma missiyası”ndan daha geniş siyasi fəaliyyətə keçid alması təbiidir. Axı ortada Moskvanın nüfuz və təsir dairəsindən bu yaxınlaradək forpostu sayılan təkcə İrəvanın deyil, bütövlükdə, Cənubi Qafqaz regionunun çıxması reallığı var”.
Müəllifin fikrincə, Sergey Lavrovun səfərini Paşinyan hökumətinə xəbərdarlıq-ismarış kimi də xarakterizə etmək olar: “Moskva indiki məqamda diplomatik müstəvidə cızığından çıxmış İrəvanı cəzalandırmağın Bakı ilə uzlaşma taktikasından optimal variantını tapa bilməz. Kremlin baş diplomatının Azərbaycana səfərindən bir necə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan danışıqları üzrə xüsusi nümayəndəsinin Bakıya gəlişini, Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığını nəzərə alsaq, bu görüş Avropa üçün də böyük maraq kəsb edirdi. Sergey Lavrovu qəbul edən prezident İlham Əliyev ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilən sənədləri sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməl kimi dəyərləndirdi və bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə təşəkkürünü bildirdi. Bu həm də Moskvaya vasitəçi kimi boynuna düşən missiyanı sonadək yerinə yetirməsinin vacibliyi barədə xatırlatma idi.
Ümumiyyətlə, son aylar regionda baş verən hadisələrin fonunda Azərbaycan-Rusiya münasibətlərində diplomatik canlanma var. Bu qarşılıqlı siyasi hərəkətliliyin Bakının gözlədiyi və umduğu sonluqla nəticələnməsi həm tarixi ədaləti bərpa edər, həm də iki ölkənin münasibətlərində inam və etimada söykənən yeni səhifə açmış olar.
Rusiyanın baş diplomatı azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında maraqlı açıqlama verdi: “Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik. Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir”.
Qərbə doğru yolunu daha da genişləndirən, ərazisinə Rusiya üçün arzuolunmaz “kənar qüvvələri” dəvət edən Ermənistana Bakının vasitəsilə diplomatik təzyiqləri artıran, ona üzləşə biləcəyi fəsadları xatırladan, tərəflərə özünün cızdığı yeni “yol xəritəsini” təklif edən və bununla Avropa İttifaqının təşəbbüslərinin qarşısını almağa çalışan Moskvanın məqsədi məlumdur. Bəlkə Rusiya elitası Kreml qülləsindəki zəngli saatın əqrəbini bir saat irəli çəkərək Bakı vaxtı ilə eyniləşdirməklə vasitəçi kimi 10 noyabr 2020-ci il bəyanatında yer alan məsələlərdən birini, məsələn, Zəngəzur dəhlizi layihəsini reallaşdırmağa qərar verib? Bu layihənin gerçəkləşməsindən Rusiyanın böyük fayda götürəcəyini nəzərə alsaq, bunda ən maraqlı tərəf də məhz Moskvadır.
Həqiqətən də hər şeydən göründüyü kimi, indi Moskvanın Bakı vaxtına köklənməyinin tam məqamıdır. Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması və nəhayət, ədalətli sülh sazişinin imzalanması üçün səy göstərən iki vasitəçi qalıb: Vaşinqton və Moskva. Aydın məsələdir ki, bölgədə marağının və təsirinin azalması ilə qəti barışmayan Moskva heç bir halda təşəbbüsü Vaşinqtona vermək niyyətində deyil. Elə bu kontekstdə düşünürük ki, Lavrovun Bakı səfəri həm də sülh sazişinin yeni layihəsi üzərində üçtərəfli danışıqların davam etdirilməsinə yeni təkan verəcək.
Azərbaycan prezidenti İlham Əliyev Qarabağ problemi adında bir məsələnin qalmadığını, bunun daxili məsələ olduğunu istər üçtərəfli görüşlərdə, istər beynəlxalq tədbirlərdə, debatlarda, istərsə də rəsmi çıxışlarında İrəvanın və dünyanın diqqətinə çatdırıb. Qarabağ ermənilərinin müqəddəratı məsələsinin sülh sazişi layihəsinə salınmasına Rusiya da çalışırdı, Ermənistan da. Azərbaycan bunun mümkün olmadığını hər dəfə qəti şəkildə bildirirdi. Elə Sergey Lavrov da İlham Əliyevlə görüşündə bu məsələyə Moskvanın yanaşmasını kifayət qədər aydın şəkildə ifadə etdi: “Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə köməyə hazırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək”.
Son dövrlər regionda siyasi ab-havanın dəyişməsi, Paşinyanın aşkar sezilən ikibaşlı oyunu artıq Rusiyanı bu məsələyə yenidən baxmağa vadar etdi. Əks təqdirdə Sergey Lavrovun Bakıya səfərinin heç bir əhəmiyyəti qalmazdı. Böyük ehtimalla Kreml bu məsələdə İrəvanı ram etməyi, onu Bakı ilə dialoqun qaçılmaz olduğuna inandırmağı bacarıb”.