Hüquq mühafizə orqanları Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İtaliyada keçmiş müxbiri Aygün Əliyevanın intihara cəhdini araşdırır. Məlumatı fevralın 28-də Aygün Əliyevanın vəkili Bəhruz Bayramov yayıb. O qeyd edir ki, martın 1-də ifadə verməyə dəvət olunub.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bakıda yaşayan Aygün Əliyeva fevralın 27-si evdə çoxlu həb içərək zəhərlənib, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Jurnalist bir neçə ildir AZƏRTAC-la məhkəmə çəkişməsi aparır. Vəkili Bəhruz Bayramov bildirir ki, Aygün Əliyeva 2020-ci ildə işdən qanunsuz çıxarılıb, buna görə məhkəməyə üz tutub. 2021-ci ildə Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində çəkişmələr fayda verməyib. 2022-ci ildə Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb və həmin instansiya jurnalistin işə bərpası və ona təzminat ödənməsi barədə qərar çıxarıb. Ancaq AZƏRTAC rəhbərliyi həmin qərardan Ali Məhkəməyə şikayət edib.
2022-ci il noyabrın 19-da Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri postundan çıxarılıb. Noyabrın 28-də Vüqar Əliyev İdarə Heyətinin sədri təyin edilib.
İdarə Heyəti AZƏRTAC-a rəhbərliyi və nəzarəti həyata keçirir.
2023-cü il fevralın 26-da Ali Məhkəmənin jurnalistin işə bərpası və ona təzminat ödənməsi barədə qərarı ləğv etdiyi bəlli olub. Həmin gün Aygün Əliyeva “Facebook” səhifəsində özünə qəsd edəcəyini yazıb.
AZƏRTAC-ın 27 fevral açıqlamasına görə, İdarə Heyətinin sədri Vüqar Əliyev Aygün Əliyevaya barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb: “Aygün Əliyevaya işdən çıxarılma əmrinin ləğvi və AZƏRTAC-da işə götürülməsi təklif olunub, ancaq o, məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib”.