Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-dən Bakıdadır. AZƏRTAC-ın məlumatına görə, qonaq həmin gün axşam prezident İlham Əliyevlə bir araya gəlib. Dövlət başçısı söhbətdə regional təhlükəsizlik məsələsinə də toxunub: “Ümidvaram ki, 2023-cü il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistanla, bizim dostumuz və qonşumuz Rusiya ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”.
Sergey Lavrov deyib ki, regional təhlükəsizlik Rusiya ilə Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərində olduqca aktual mövzu kimi qalır: “Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.