AXCP sədri Əli Kərimli Rusiya-Ukrayna savaşının bir ili ilə bağlı fikirlərini bölüşüb. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, Rusiya bütün dünyada təklənib, hazırda onu təcrid olunmuş bir neçə dövlət dəstəkləyir: “Qərbin əsas təsisatları – NATO, Avropa Birliyi və Böyük 7-lər daha da birləşib və güclənib. Qərb soyuq müharibədən sonra heç vaxt bu qədər həmrəy və güclü olmamışdı.
Rusiya savaşla Ukraynanın Qərbə inteqrasiyasının qarşısını almağa çalışırdı. Əksinə oldu. Ukraynanın Qərbə inteqrasiyası daha da sürətlənib, ölkə Avropa Birliyi üzvlüyünə namizəddir, müharibə başa çatınca NATO-ya üzv olacağı da labüd görünür.
Rusiyanın əsas məqsədlərindən biri NATO-nun genişlənməsinin qarşısını almaq idi. Nəticə yenə də əksinə oldu. İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə alyans daha da güclənmiş və Rusiya sərhədlərinə daha da yaxınlaşmış olacaq.
NATO-nun genişlənməsi ilə Baltik dənizi faktiki olaraq NATO-nun daxili dənizinə çevrilmiş oldu. Rusiyanın Baltik donanması və Kalininqrad qarnizonu NATO-nun operativ mühasirəsinə düşdü. Ukraynanın Krımı azad etməsi ilə Rusiya Qara dənizi və Qara dəniz donanmasını da itirmiş olacaq.
Rusiya özünü dünyanın ikinci böyük gücü kimi təsdiq etmək istəyirdi. Nəticə yenə də tam əksinə oldu. Rusiya peşəkar ordusunun və əsas müasir silahlarının əksəriyyətini itirdi. Hazırda Rusiya ordusu haqqında “dünyanın ikinci ordusu” təqdimatı daha çox sarkazmla deyilir.
Rusiya ən ağır beynəlxalq sanksiyalara, trilyon dollarla iqtisadi itkiyə məruz qaldı, ölkə iqtisadiyyatı 10 illərlə geri düşdü.
Rusiyanın savaşdakı məğlubiyyəti onun imperiya planlarını da puça çıxarır. SSRİ-2 layihəsi Ukraynada iflas etdi, postsovet ölkələrinin müstəqilliyi möhkəmləndi.
Ukrayna milləti və dövləti tam olaraq formalaşdı. Savaşın sonunda Ukrayna Avropada böyük hərbi güc olacaq.
Rusiya-Ukrayna savaşı həm də demokratiya və avtoritarlığın savaşıdır. Bu savaşda təkcə Rusiya və Putinizm yox, həm də beynəlxalq avtoritarizm məğlub olmaqdadır. Bu savaşı Putin və onun simasında bütün tək adam hakimiyyətləri uduzur, Zelenskinin simasında demokratik lider tipi qalib gəlir.
Rusiya-Ukrayna savaşı artıq dünyanı xeyli dəyişib. Ukraynanın qələbəsi ilə dünya daha da müsbətə doğru dəyişmiş olacaq”.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.