Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin başçısı Araik Arutunyan fevralın 23-də Ruben Vardanyanı “dövlət naziri” postundan çıxarıb.
“Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır. Bu vəzifənin Qurgen Nersisyana həvalə olunduğu açıqlanıb. Qurgen Nersisyan rejimin “baş prokuroru” idi.
Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir.
2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, işğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayıb, noyabrın 4-də “dövlət naziri” təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb.
Ruben Vardanyanın Qarabağda peyda olması Azərbaycanın kəskin narazılığına, işğalçı rejimdə isə hakimiyyətdaxili ziddiyyətlərə gətirib.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
2020-ci ildən rejimə Araik Arutunyan başçılıq edir. 1973-cü il təvəllüdlü Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə rejimin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” (hökumət başçısı) olub.
Ruben Vardanyan hakimiyyətə gətirilir
Ruben Vardanyan işğalçı rejimdə vəzifə tutmağa razılaşdı
Ruben Vardanyan işğalçı rejimdə post aldı
İlham Əliyev Ruben Vardanyandan danışdı
İşğalçı rejimin 9 “naziri” postdan getdi
Ruben Vardanyan Rusiya vətəndaşlığından rəsmən çıxdı
Vardanyan yenilikləri davam edir