Fevralın 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib. Aihmaz.org xəbər verir ki, İlkin Rüstəmzadənin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulduğu bəyan olunub. Qərara görə, Azərbaycan dövləti ərizəçiyə 14 min 500 avro təzminat ödəməlidir.
1992-ci il təvəllüdlü İlkin Rüstəmzadə 2013-cü ilin mayında tutularaq kütləvi iğtişaşların təşkili, qrup halında xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 16-da əfv olunub.
Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmamasından şikayətçi olan Emin Bəşirli və başqalarının; Qubad Bayramov (İbadoğlu) və Rəcəb İmanovun; Aynurə (Aynur) İmranova və Asya Əhmədovanın; Yaşar Ağazadə və başqalarının birləşmək azadlığı hüququnun pozuntusunu tanıyan Avropa Məhkəməsi təzminat qərarları çıxarıb: Emin Bəşirli və Vüsal Yolçuyevə 2700 avro, Mehriban Əhmədovaya və Ceyhun Əliyevə 1600 avro, eyni zamanda bütün ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi; Qubad Bayramov və Rəcəb İmanova 4500 avro, eyni zamanda 500 avro xərc və məsrəf əvəzi; Yaşar Ağazadə və Rövşən Kəbirliyə 4500 avro, Fəqan Əsədov və Yaşar Ağazadəyə 2 min avro, eyni zamanda bütün ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi ödənməlidir.
Aynurə (Aynur) İmranova və Asya Əhmədova maddi təzminat tələbi irəli sürməyiblər.
Martın 2-də Azərbaycan üzrə başqa qərar və qərardadların elanı gözlənir.
Müxalif fəal Orxan Əyyubzadə 2013 və 2014-cü illərdə hökumət əleyhinə nümayişlərdə iştirakına görə inzibati həbs cəzası çəkib, 2014-cü ildə isə tutularaq 2 il müddətinə azadlıqdan məhrum edilib, 2015-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, ittihamların uydurma olduğunu iddia edir.
Jurnalist Əfqan Muxtarlı və müxalif funksioner Gülağa Aslanlı etiraz nümayişindən əvvəl tutularaq cərimələnmədən şikayət ediblər.
Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (İREX) Azərbaycandakı nümayəndəliyi ofisində axtarış zamanı bütün sənədlərin və kompüterlərin götürülməsindən, bank hesabının dondurulmasından şikayətçidir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.