Dövlət Statistika Komitəsi bildirir ki, 2023-cü ilin yanvarında xarici ölkələr və beynəlxalq təşkilatların Azərbaycanda yatırdığı investisiyanın 92,9 faizi Böyük Britaniya, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, Fransa və İran sərmayədarlarına məxsus olub.
1 milyard 91,7 milyon manatlıq ümumi sərmayədə daxili mənbələrin payı 74,4 faiz göstərilir.
Hesabata görə, əsas kapitala yönəldilmiş vəsaitin 44,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 35,8 faizi sənaye, 14,4 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə, qalanı başqa istiqamətlərə sərf edilib, neft-qaz sektoruna 349,7 milyon manat, qeyri neft-qaz sektoruna 742 milyon manat yönəldilib.
Yanvarın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfelinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz artdığı vurğulanır.
Statistikaya əsasən, ilk ayda ictimai iaşə dövriyyəsi 2022-ci ilin yanvarı ilə müqayisədə real ifadədə 22,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 8,5 faiz artıb.