Mayın 16-17-si İslandiyanın paytaxtı Reykyavikdə Avropa Şurası ölkələrinin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.
1949-cu ildə yaradılan Avropa Şurası 46 ölkəni birləşdirir. Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Azərbaycan mərkəzi qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasına 2001-ci ildə qoşulub.
Novator.az-ın məlumatına görə, müxalif Respublikaçı Alternativ Partiyası Reykyavik sammitinə təkliflər göndərib. Partiya sədri İlqar Məmmədov yazır ki, Avropa Şurasının sualları əsasında hazırlanmış təkliflər qurumun daha strateji və siyasi təşkilata çevrilməsi istəyinə hesablanıb: “Avropa Şurasına üzv ölkələr aydın şəkildə məcburiyyət yaradan qərarlardan başqa heç nəyə məhəl qoymur. Bunun səbəbi ümumən dünyada çoxtərəfliliyin tənəzzülüdür. Hökumətlər Avropa Şurasının əsas dəyərlərinə önəm vermir. Qurum bundan qurtulmaq istəyirsə, 46 üzv ölkədə insan haqlarının pozulması həyat və ya azadlıqdan məhrumetmə ilə nəticələnəndə qətiyyətlə hərəkət etməlidir. Hökumətin hərəkətindən zərər çəkən şəxs Avropa İnsan Hüquqları Məhkəməsi qərarının icrası üçün son tarixin ertəsi günü hələ də həbsdədirsə, ya da onun sərbəst səyahət etmək haqqı alınıbsa, Avropa İnsan Hüquqları Konvensiyasının qərarların məcburi qüvvəsi və icrasını nəzərdə tutan 46 maddəsi avtomatik tətbiq edilməlidir. Bu, hökumətlərin siyasi motivli həbslərə, hərəkət azadlığının məhdudlaşdırılmasına iştahasını azaldacaq.
Avropa Şurası avtoritar davranışı ilə tanınan üzv dövlətlərdən qorxmamalıdır. Belə dövlətlərin hökuməti azadlığa qarşı basqının onun nüfuzuna vurduğu ziyanı yumşaltmaq üçün Avropa Şurasında üzvlük faktından istifadə edir. Beynəlxalq münasibətlərdə, daxili işlərdə fəlakətli nəticələr törətməsini gözləmədən belə dövlət Avropa Şurasından qovulmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında pozuntu aşkarlananda Avropa Şurası lap tez və qətiyyətli hərəkət etməlidir”.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Respublikaçı Alternativ Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Qurumun üzvü Erkin Qədirli Azərbaycan parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvüdür.