Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda aclıq aksiyası keçirən məhbus ictimai fəal Bəxtiyar Hacıyevin həyatının təhlükədə olduğu vurğulanır: “Bəxtiyar Hacıyev quru aclıq da edib, yəni su da içməyib, bu isə onun səhhətini daha da ağırlaşdırıb və o, hər an komaya düşə bilər. Təəssüf ki, Azərbaycan hakimiyyəti Bəxtiyar Hacıyevlə bağlı vəziyyətin nə dərəcədə təhlükəli həddə çatdığını dərk etmir və onu həbsdə saxlamağa israr edir. Hakimiyyət ölkə əhalisinin və beynəlxalq birliyin Bəxtiyar Hacıyevi azadlığa buraxmaq çağırışlarına məhəl qoymamaqla onun həyatını və ya sağlamlığını itirməsinə maraqlı kimi görünür.
Milli Şura Bəxtiyar Hacıyevə qarşı bu qəddar, insanlıqdan uzaq münasibəti qətiyyətlə pisləyir və xəbərdar edir ki, Bəxtiyar Hacıyev tezliklə azadlığa buraxılmasa, Azərbaycan hakimiyyəti yarana biləcək istənilən xoşagəlməz nəticəyə görə xalqımız və beynəlxalq birlik qarşısında cavab verməli olacaq”.
Milli Şura həmçinin qeyd edir ki, son 1 ay ərzində azı 14 nəfər ictimai-siyasi fəal 25-30 sutka olmaqla inzibati həbsə məhkum edilib, AXCP Salyan şöbəsinin sədri, keçmiş siyasi məhbus Zamin Salayev isə növbəti dəfə qurama ittihamla cinayət məsuliyyətinə cəlb edilib və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib: “Azərbaycan hakimiyyəti uzunmüddətli həbslərlə yanaşı inzibati həbslərdən də siyasi repressiya aləti kimi geniş istifadə edir və Azərbaycan xalqı, beynəlxalq birlik bunun fərqində olmalı, bu tendensiyaya öz etirazını bildirməlidir. Milli Şura Azərbaycan xalqını ölkə müxalifətini və vətəndaş cəmiyyətini daha kütləvi şəkildə müdafiə etməyə çağırır. Xalqımız özünü rejimin yaratdığı qorxu mühitinə təslim etməməli, hüquq və azadlıqlarının təmin olunması, ölkədə köklü dəyişikliklərin baş verməsi naminə mübarizədə daha yaxından və hamılıqla iştirak etməlidir”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.