Bakı İstintaq Təcridxanasında saxlanan AXCP üzvü Zamin Salayev aclığı davam etdirir. Vəkil Nemət Kərimli fevralın 21-də Novator.az-a deyib ki, Zamin Salayev çoxsaylı xahişlərə baxmayaraq aksiyanı dayandırmaq istəmir, sonadək getmək fikrindədir.
Nemət Kərimli Zamin Salayevin ailə üzvləri ilə telefonla danışmasına, görüşməsinə yasaq qoyulduğunu əlavə edib.
Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Hadisənin fevralın 7-nə keçən gecə baş verdiyi bildirilir. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.