Fevralın 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edəcək. Aihmaz.org xəbər verir ki, İlkin Rüstəmzadə şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan bir çox hüququnun, o cümlədən ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edib.
1992-ci il təvəllüdlü İlkin Rüstəmzadə 2013-cü ilin mayında tutularaq kütləvi iğtişaşların təşkili, qrup halında xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 16-da əfv olunub.
Emin Bəşirli və başqalarının; Qubad Bayramov (İbadoğlu) və Rəcəb İmanovun; Aynurə (Aynur) İmranova və Asya Əhmədovanın; Yaşar Ağazadə və başqalarının şikayətləri qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmaması ilə bağlıdır.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.