Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 16-da Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Aihmaz.org bildirir ki, AXCP üzvü olmuş Elnur Məcidlinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu, Azərbaycan dövlətinin fərdi şikayətlər üzrə öhdəliyə əməl etmədiyi qənaətinə gələn məhkəmə şikayətçiyə 4350 avro təzminat ödənməsinə qərar verib.
Elnur Məcidli 2011-ci ilin aprelində Bakıda keçirilmiş aksiyada tutularaq 2 il müddətinə azadlıqdan məhrum edilməsindən şikayətçi idi.
Aynurə (Aynur) İmranova, Qubad İbadoğlu, Elçin Abdullayev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Emin Hüseynov, Zöhrab İsmayıl, Rəsul Cəfərov, Gülnarə Bağırova, Səadət Mehdiyeva, Ülviyyə Axundova və 7 ictimai birlik Avropa Məhkəməsinə cinayət işi çərçivəsində bank hesablarına həbs qoyulmasından şikayət vermişdilər. Məhkəmə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara əsasən, Azərbaycan dövləti 18 ərizəçinin hər birinə 3 min avro təzminat ödəməli, hər bir ərizəçinin vəkilinə 300 avro verməlidir.
Qafqaz Media Araşdırmaları Mərkəzinin şikayəti də ictimai birliyə açılmış cinayət işi çərçivəsində bank hesablarına həbs qoyulması ilə bağlı idi. Məhkəmə bu şikayəti qəbuledilməz sayıb.
Nasir, dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov (2022-ci ildə vəfat edib), Şöhrət İbrahimbəyova və Lalə Əfəndiyeva Avropa Məhkəməsinə torpaq sahəsinin əllərindən qanunsuz alınması iddiası ilə üz tutmuşdular. Torpaq sahəsi 2012-ci ildə, Dövlət Neft Şirkətinə aid olması əsas gətirilərək alınıb. Məhkəmə bu işdə pozuntu olmadığı qənaətinə gəlib.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.