Avropa İttifaqının təmsilçi orqanı – Avropa Parlamenti fevralın 15-də qətnamə qəbul edərək Gürcüstan hakimiyyətini sabiq prezident Mixail Saakaşvilini həbsdən buraxmağa, onun xaricdə müayinəsinə şərait yaratmağa çağırıb. Novator.az-ın qətnaməyə münasibət bildirən AXCP sədri Əli Kərimli yazır: “Mixail Saakaşvili Gürcüstanın müasir tarixini yazan şəxsiyyətlərdən biridir. Onun liderlik etdiyi dinc inqilab, prezident kimi apardığı bir çox islahat Gürcüstanın inkişafında yeni mərhələ təşkil edir.
Saakaşvilinin prezidentlik dövründə, güman ki, səhvləri də olub, həyata keçirdiyi islahatlar zamanı yəqin xeyli düşmən də qazanıb. Ancaq Saakaşvili hazırda məruz qaldığı məhrumiyyətləri haqq etmir. Gürcüstan hakimiyyəti Avropa Parlamentinin Saakaşvilinin dərhal azad edilməsini və xaricdə müalicəsinə şərait yaradılmasını tələb edən qətnaməsini nəzərə almalıdır. Saakaşvilinin azad edilməsi Gürcüstanın dövlət maraqlarına da tamamilə uyğundur. Bu yaxınlarda Gürcüstan prezidenti özü də etiraf etmişdi ki, Mixail Saakaşvilinin həbsdə qalması Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması qarşısında ən böyük əngəldir. Biz dost və qonşu Gürcüstana inkişaf və rifah, Avropaya inteqrasiyada uğur qazanmağı arzulayırıq. Saakaşvilinin azad edilməsinin dost dövlətə yalnız uğur gətirəcəyinə inanırıq”.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Gürcüstan parlamentinin deputatı, ədliyyə naziri, paytaxt Tbilisinin meri olub. 2003-cü ildə dinc inqilaba başçılıq edib, 2004-2013-cü illərdə prezident postunu tutub.
Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib, 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru, 2020-ci ildən Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin başçısı olub.
Sabiq prezident Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.
2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.
Tutulduğu gündən aclıq aksiyası keçirən sabiq prezident noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.
Sabiq prezident 2022-ci il fevralın 21-dən martın 10-dək Rustavi həbsxanasında bir daha aclıq aksiyası keçirərək gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub.
Mayın 12-də Mixail Saakaşvili Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb. Yaxınları, tərəfdarları və vəkilləri onun azadlığa buraxılmasını, xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb edirlər.
Gürcüstan hökuməti Mixail Saakaşvilinin azadlığa buraxılmasına qarşı çıxır.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu qalib gələrək hökumət qurub.
Gürcüstan 27 üzvü olan (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) Avropa İttifaqına namizəd statusu almağa çalışır.