Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejim “konstitusiya islahatına” gedir. Novator.az-ın məlumatına görə, rejimin başçısı Araik Arutunyan fevralın 13-də “parlamentə” “konstitusiya yeniliyi layihəsi” təqdim edib. Layihə “parlamentə” “prezident” seçmək səlahiyyəti verilməsini nəzərdə tutur.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
İşğalçı rejim 2017-ci ildən “prezident respublikası” sayılır. 2020-ci il martın 31-i rejimdə “prezident və parlament seçkiləri” adlı ümumxalq tamaşaları oynanıb. “Prezident seçkisində” Araik Arutunyan qalib gəlib. Onun və parlamentin səlahiyyət müddəti beş ildir.
1973-cü il təvəllüdlü Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə rejimin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” (hökumət başçısı) olub.
“Prezident seçkisində” yeni qaydanın tətbiqi təşəbbüsü hakimiyyətin Ruben Vardanyana ötürülməsinə hazırlıq kimi də şərh olunur. İddialara görə, Araik Arutunyan istefaya hazırlaşır, bu halda “prezident kürsüsünə” Ruben Vardanyan gətirilə bilər.
1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Rusiyada sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir. O, 2022-ci il sentyabrın 1-də Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də “dövlət naziri” təyin olunub.
Ruben Vardanyan hakimiyyətə gətirilir
Ruben Vardanyan işğalçı rejimdə vəzifə tutmağa razılaşdı
Ruben Vardanyan işğalçı rejimdə post aldı
İlham Əliyev Ruben Vardanyandan danışdı
İşğalçı rejimin 9 “naziri” postdan getdi
Ruben Vardanyan Rusiya vətəndaşlığından rəsmən çıxdı