Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev fevralın 14-də rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Telefon söhbəti zamanı Cənubi Qafqazda vəziyyət barədə də ətraflı fikir mübadiləsinin aparıldığı bildirilir: “Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib, Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib, ərazidə “Dağlıq Qarabağ Respublikası” (“Arsax Respublikası”) adlı işğalçı rejim qurulub.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun 1 kəndi, Qazax rayonunun 7 kəndi də işğala məruz qalıb.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 2021-2022-ci illərdə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dörd dəfə görüşüblər. Danışıqların əsas mövzusu bölgədə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi olub. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri yer alır.