Siyasətçi Tofiq Yaqublu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Novator.az-ın məlumatına görə, şikayətdə siyasətçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqlarına müdaxiləyə, həmçinin hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədlərinin pozuntusuna yol verildiyi iddia olunur.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu 2020-ci il martın 22-də tutulub. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etməyərək bildirib ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsinin siyasətçiyə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayəti üzrə yekun iclas keçirib, 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu şərti cəzanı da qanunsuz sayıb, bəraət istəyib, ancaq 2022-ci il noyabrın 1-də Ali Məhkəmə şikayəti təmin etməyib.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Siyasətçinin oğlu Rəhim Yaqublu İkinci Qarabağ müharibəsinin veteranıdır.