Novator.az Azərbaycan torpaqlarına təcavüzün 35 ili bağlı yığcam tarixçəni təqdim edir.
1988-ci il fevralın 13-də Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayır. Fevralın 20-də Dağlıq Qarabağ rəsmiləri SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alan vəsatət qaldırır, bununla separatçı hərəkat açıq təcavüzə çevrilir.
1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ birbaşa Moskvaya bağlanır, Xüsusi İdarəetmə Komitəsi yaradılır.
Həmin il noyabrın 28-də Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri nəticəsində ləğv edilir. Dekabrın 1-də Ermənistan Ali Sovetinin və özünü Dağlıq Qarabağ Milli Şurası adlandıran qurumun birgə iclasında vilayətin Ermənistana birləşdirlməsi barədə qərar çıxarılır.
1990-cı ilin yanvarından Dağlıq Qarabağ Bakının yaratdığı Respublika Təşkilat Komitəsi vasitəsilə idarə olunur.
1991-ci ilin avqustunda SSRİ-nin dağılması sürətlənir, ayın 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verir.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun (Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir) ərazisində elan olunur. Bunun ardınca müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanır.
Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edir. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır, Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilir.
1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilir.
Mayın 8-9-da Şuşa şəhəri, sonrakı günlər rayonun bütün ərazisi işğal olunur.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçir.
İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad edilir.
İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçir, sonra rayonun böyük hissəsi azad olunur.
Avqustun 25-də Azərbaycan parlamentinin qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçir.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilir.
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürür.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilir, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edirlər.
İyulda Ağdam şəhəri və rayonun böyük hissəsi, avqustda Füzuli, Cəbrayıl rayonları, Laçının Qubadlıya yaxın kəndləri, Qubadlı rayonu, oktyabrda Zəngilan rayonu işğal edilir.
1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilir.
Həmin il mayın 12-də atəşkəs əldə olunur.
Savaş vaxtı Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğal altına düşür.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edir.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunur.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayır, hərbi əməliyyatlar dayandırılır.
Bunun ardınca Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilir.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarır.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin, Laçın şəhəri və rayonun 6 kəndi Rusiya hərbçilərinin nəzarətində qalır.
2022-ci ilin martında Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndini, avqustun əvvəlində Şuşa-Laçın yolu ətrafındakı bir çox yüksəkliyi nəzarətə götürür. Avqustun 11-də Laçın şəhəri və rayonun kəndlərindən yan keçən yeni yolun inşası bitir, avqustun 26-da Laçın rayonu tam azad edilir, avqustun 30-da Rusiya sülhməramlı kontingenti yeni yolun mühafizəsinə keçir.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub…