Sanksiyaların Rusiyaya gerçək təsiri – “Foreign Affairs”
- 09 Fevral 2023
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
ABŞ-ın “Foreign Affairs” jurnalında “Sanksiyaların Rusiyaya gerçək təsiri” başlıqlı məqalə dərc olunub. Şərhin müəllifi Rusiyanın energetika nazirinin keçmiş müavini Vladimir Milovdur. O, Litvada yaşayır və mühacir rusiyalıların yaratdığı Azad Rusiya Fondunun vitse-prezidentidir.
Novator.az saytı məqaləni ingiliscədən çevirib qısa ixtisarla təqdim edir.
Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyaya ziyan vururmu? Belə bir fikir geniş yayılıb ki, vurmur. Bu fikirdə olanlar Rusiya iqtisadiyyatının sabit qaldığını nişan verən makroiqtisadi göstəriciləri əsas gətirir. Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibəni dayandırmaq üçün heç bir addım atmaması da sanksiyaların təsirsiz olmasına sübut kimi irəli sürülür. Ancaq belə deyil.
Əvvəla, hələ 2022-ci ilin fevralına qədər, sonuncu Rusiya-Ukrayna müharibəsi başlanmamış Moskva ölkə iqtisadiyyatını Qərbin sanksiyalarından qorumağa hazırlıq görüb. Ölkədə iri həcmdə maliyyə ehtiyatı toplanıb. 2014-cü ildən Moskva Asiya ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirib. Bu da Kremlə Qərblə ticarət zəifləyəndən sonra ortaya çıxan iqtisadi çətinliklərin öhdəsindən gəlməyə imkan yaradıb.
Ən əsası, Putin həyat səviyyəsi enəndə baş qaldıra biləcək kütləvi etirazları önləmək üçün repressiya maşınını gücləndirib.
Qərb sanksiyaları artıran kimi Rusiya iqtisadiyyatının və Putin rejiminin çökəcəyini gözləyənlər vardı. Lakin bu gözlənti reallığa uyğun deyildi və məhz real olmadığına görə doğrulmayıb. Putin Qərb siyasətçilərini çaşdırmaq, onlara sanksiyaların gerçək nəticəsini görməyə imkan verməmək üçün intensiv şəkildə dezinformasiya kampaniyası aparmaqda, bu kampaniyaya böyük vəsait yatırmaqdadır.
Ancaq saxta xəbərlərə uymayın: sanksiyalar həqiqətən Rusiya iqtisadiyyatını geri salır. Sanksiyaların səmərəsiz olduğu barədə yayılan mif siyasətçiləri yanılda, onları Rusiya əleyhinə fəaliyyətdən soyuda bilər. Bu isə Putin üçün qurtuluş deməkdir.
Rusiya iqtisadiyyatının sanksiyalara yetərincə duruş gətirməsi yanlışlığı makroiqtisadi göstəricilərdən doğur. Sanksiyaları tənqid edənlər bir qayda olaraq rublun möhkəmliyinə, Rusiyada ümumi daxili məhsulun (ÜDM) həcminin cüzi azalmasına və işsizlik səviyyəsinin az artmasına istinad edirlər. Lakin bu rəqəmlər heç də gerçək mənzərəyə tam uyğun gəlmir.
Rusiyada işsizlik səviyyəsi rəsmən 3,7 faiz göstərilir, yəni 2,7 milyon nəfər işsiz sayılır. Bu, Rusiya üçün yaxşı göstəricidir. Amma reallıq ondan ibarətdir ki, 2022-ci ilin üçüncü rübünün sonuna 5 milyon nəfərə yaxın rusiyalı birbaşa və ya dolayısı ilə işsizlikdən əziyyət çəkib. Məsələn, onların təxminən 70 faizi ödənişsiz məzuniyyətdə olub. İşsizliklə ödənişsiz məzuniyyət arasında yalnız terminoloji fərq var, mahiyyətcə eyni şeydir. Faktiki Rusiyada işçi qüvvəsinin 10 faizinin işi yoxdur. Bu, Rusiyanın 1990-cı illərdəki vəziyyətə qayıtmasına bərabərdir. 1990-cı illərin ikinci yarısında Rusiyada əmək qabiliyyətli insanların 10-13 faizi işsiz idi.
Daha bir yanıldıcı statistika rublun məzənnəsi ilə bağlıdır. Bəli, rubl möhkəmlənib. Amma yalnız ona görə ki, hökumət Rusiyanın hüquqi və fiziki şəxslərinin öz vəsaitlərini xarici valyutaya çevirməsini, ölkədən çıxarmasını çətinləşdirib. Güclü rubl deyilən şey əslində valyutaya total nəzarət və idxalın azalması hesabına başa gəlib. Bu siyasət sənayedə polad istehsalı kimi sahələrə böyük zərbə vurub. Rusiyada polad istehsalı 2022-ci ildə 7 faizdən çox aşağı düşüb.
Ölkədə inflyasiyanın idarə olunduğuna dair rəsmi statistika da reallığı əks etdirmir. Hətta Rusiyanın Mərkəzi Bankı da etiraf edir ki, hazırda müşahidə olunan inflyasiya, eynilə əhalinin ictimai rəy sorğularında qiymətlərin artması haqda dediyi kimi, 16 faizdir. Bu isə rəsmi statistikada göstərilən rəqəmdən 4 faiz çoxdur. Rusiyalıların həyat səviyyəsi pisləşib və bu proses davam edir, ona görə rəsmi rəqəmlərlə insanların həyat təcrübəsi arasında fərqin artmasında təəccüblü heç nə yoxdur.
Rusiyanın “Romir” şirkətinin nəticələrini 2022-ci ilin oktyabrında açıqladığı sorğuda respondentlərin 68 faizi son üç ayda mağazalarda təklif olunan malların azaldığını söyləyib.
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin məlumatına görə, 2022-ci ildə rusiyalıların 35 faizi ərzağa çəkdiyi xərci sıxmağa məcbur olub.
2022-ci ilin dekabrında Rusiyanın İctimai Rəy Fondu bəyan edib ki, ölkədə əhalinin yalnız 23 faizi şəxsi maliyyə durumunu müsbət qiymətləndirir.
Ümumən sanksiyalar Rusiya iqtisadiyyatında dərin iz buraxır. Putin ölkədə maliyyə perspektivini yaxşılaşdırmaq üçün idxalı məhdudlaşdırmağa, yerli sənayeni inkişaf etdirməyə, o cümlədən sənayenin idxaldan asılılığını aradan qaldırmağa çalışır. O, ticarət və investisiya axınını Asiyaya yönəltməklə, eyni zamanda Qərbin sanksiyalarından yayınmaq üçün Türkiyə kimi ölkələrdən yarımkeçiricilər və digər mallar almaqla vəziyyətdən çıxa biləcəyini düşünür. Ancaq bunların heç biri Rusiyanın problemlərini həll edəsi deyil.
İdxalın əvəzlənməsi üsulunun niyə işləməyəcəyi bəllidir. Bazardakı payın inhisarçı mühitdən asılı olan şirkətlərə ötürülməsi həmişə əmtəə qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır. Bu addım innovasiyalara stimul yaratmır və keyfiyyətli məhsul istehsalını təşviq etmir.
Çin və Hindistan kimi Asiya ölkələri Rusiyadan əsasən ucuz qiymətə neft, qaz, kömür və odun almaqda maraqlıdır. Bu ölkələrin liderlərinin Rusiyaya istehsal sektorunu inkişaf etdirmək, onu rəqabətə davamlı səviyyəyə çatdırmaq işində yardım göstərmək niyyəti yoxdur.
Rusiya Qərbdən idxal etdiyi mühüm malları, məsələn, istehsal avadanlıqlarını üçüncü ölkələr (xüsusən də Türkiyə) vasitəsilə almaqla sanksiyalardan müəyyən dərəcədə yayına bilir. 2022-ci ilin üçüncü rübünə aid hesabata görə, Rusiyanın Türkiyədən aylıq idxal həcmi 1 milyard dolları ötüb. Bu, 2021-ci ilin eyni rübü ilə müqayisədə iki dəfə çoxdur. Lakin Qərb hökumətləri o qapıları Rusiyanın üzünə bağlamaq üçün diplomatik təzyiqlərə əl ata bilər. Putin ölkə iqtisadiyyatını xarici sərmayələrlə dəstəkləyəcəyinə arxayın olmamalıdır. Rusiya Mərkəzi Bankının 2022-ci ilin oktyabr ayındakı hesabatında ölkədən kapital axınının 251 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılıb.
Bütün bunlar o demək deyil ki, Putin hökuməti çöküş ərəfəsindədir. Putin tanınmış dissident Aleksey Navalnını tutdurandan, eyni zamanda bir çox digər müxalifət nümayəndəsini həbs, yaxud sürgün etdirəndən sonra ölkədə siyasi müxalifət bir institut kimi yoxa çıxıb. O, rejimə etiraz edənlərə ağır həbs cəzaları təyin etməklə əhalinin gözünün odunu ala bilib. Rusiyada siyasi ekstremizm və ya Silahlı Qüvvələri gözdən salmağa cəhd ittihamları indi 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Ancaq ictimai ovqat Putin əleyhinə köklənib. Sovet İttifaqının süqutu da sübuta yetirdi ki, uzun müddət içəridə yığılıb qalan ictimai narazılıq günün birində çölə vuranda dəyişiklik çox sürətlə həyata keçir. Ona görə də siyasətçilər lazımi effekti ala bilmək üçün sanksiyalara vaxt da verməli, səbir nümayiş etdirməlidirlər. Dərhal nəticə gözləmək nəinki real deyil, hətta ziyanlıdır. Zaman keçdikcə sanksiyalar Rusiyanı təcavüzkar əməllərdən çəkindirə bilər.
Qərb siyasətçiləri sanksiyaların təsirini dərindən araşdırmalıdır, manipulyasiyalara məruz qalmış statistik xülasələri həqiqət kimi qəbul etməməlidir. Hər şeydən əvvəl səbirli olmalıdırlar.
Mənbə: Foreignaffairs.com