Fevralın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılov şikayətlərində tutularkən, həbsdə saxlanarkən işgəncələrə, pis rəftara məruz qaldıqlarını iddia ediblər. Onlar 2015-ci ildə Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və başqa bölgələrdə həbs edilib, müxtəlif ittihamlarla azadlıqdan məhrum olunublar.
Məlumata görə, Azərbaycan dövləti pozuntuları etiraf edib, ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyə boyun olub. Avropa Məhkəməsi bununla razılaşaraq ödəniş üçün 3 ay vaxt qoyub.
İlqar Rzayev, anası və qardaşı müxalif Açıq Cəmiyyət Partiyasının üzvü olublar. 2012-ci ilin aprelində Bakıda müxalif İctimai Palatanın etiraz aksiyası keçirilib. Ərizəçinin anası aksiyada hökuməti sərt tənqid edib. Həmin aksiyadan bir neçə gün sonra İlqar Rzayev həbs edilib, narkotik maddə saxlamaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. Ərizəçi mühakiməsinin ədalətli olmadığını, müxalif fəaliyyətinə görə cəzaya məruz qaldığını iddia edib.
Dövlətlə əldə olunan anlaşmaya görə, ərizəçiyə 6500 avro təzminat ödənməlidir.
Zöhrə Hacıyeva şikayətində mülkiyyət hüququnun pozuntusu məsələsini qaldırıb. Ərizəçiyə məxsus mülkiyyət dövlət ehtiyacları üçün alınıb, o, ödənən təzminatın məbləğindən narazı qalıb. Bu iş də dövlətlə anlaşma ilə bitib. Razılığa görə, Zöhrə Hacıyeva 7720 avro təzminat alacaq.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.