AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev fevralın 8-i Bakıda pianoçu, dirijor, bəstəkar, pedaqoq Tofiq Quliyevin (1917-2000) abidəsinin açılışında iştirak edib.
Dövlət başçısı çıxışında Tofiq Quliyevin əsərlərinin Azərbaycanın mədəniyyət aləmində inqilab olduğunu vurğulayıb: “Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi adlandırıla bilər. O, böyük mədəniyyət xadimi kimi Azərbaycan xalqının sevgisini qazanıb.
Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutub”.
İlham Əliyev mərhum prezident Heydər Əliyevin Tofiq Quliyevin 80 illik yubileyində dediklərini xatırladıb: “Biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaq”. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək”.