Azərbaycanlı fəalların Yuxarı Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarını dayandırmaq, yataqlarda monitorinqə icazə vermək tələbli aksiyası davam edir. Şuşa şəhəri yaxınlığında toplaşan aksiyaçılar 8 fevral səhərini dövlət himni və şüarlarla açıb. AZƏRTAC-ın məlumatına görə, ərazidə qarlı hava hökm sürür.
Azərbaycan hökumətinin və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Bu məsələ Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla keçirilmiş görüşlərdə müzakirə olunub, ancaq ermənilər Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsini əngəlləyib. 2022-ci il dekabrın 12-dən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.