AXCP sədri Əli Kərimli partiyanın Salyan şöbəsinin sədri Zamin (Əlizamin) Salayevin tutulmasından yazıb.
Zamin Salayev fevralın 7-si Bakının Qaradağ rayonunda tutulub. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, cəbhəçi Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Hadisənin fevralın 7-nə keçən gecə baş verdiyi, Natiq Süleymanovun xəstəxanaya yerləşdirildiyi iddia olunur.
İş Cinayət Məcəlləsinin 126-cı maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə araşdırılır.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb.
Novator.az-ın məlumatına görə, fevralın 8-də açıqlama yayan Əli Kərimli bildirir ki, Zamin Salayevə qarşı yeni bir təxribat olacağı gözlənirdi: “Özü ilə də bu barədə danışmışdım. Bilirdi ki, 2 illik siyasi məhbus həyatı yaşadıqdan, dəfələrlə inzibati qaydada həbs edildikdən sonra da polis rejimi ondan əl çəkməyib, ətrafında yeni fitnə dolaşır. Ona çox ehtiyatlı olmasını tapşırmışdım.
Fevralın 7-də o təxribatı reallaşdırıblar. Zamin Salayevi polis saxlayıb. O yalnız oğlu ilə danışa bilib. Müxtəlif bəhanələrlə vəkili Nemət Kərimli ilə görüşməsini bu günə saxlayıblar. Ona görə də baş verən təxribat haqqında ətraflı məlumatımız yoxdur. Oğlu Oqtayın bildirdiyinə görə, Zamin bəy fevralın 7-də Bakıdan Salyana qayıdırmış. Lökbatanda avtomobil gözləyən zaman bıçaqlı şəxs ona hücum edib. Zamin bəy özünü müdafiə etmək istəyib və bu zaman polis əməkdaşları peyda olub onu həbs ediblər.
Əlbəttə, baş verənlərlə bağlı daha ətraflı məlumat öyrənəcəyik. Ancaq mənim indidən heç şübhəm yoxdur ki, baş verən Zamin bəyə qarşı təxribatdır. Hökumətin hədəfində olan, həbsi üçün bəhanə axtarıldığını bilən cəbhəçi tanımadığı bir adamı nəyə görə bıçaqla vursun? Məntiq varmı? Əlbəttə ki, düzülüb-qoşulmuş işdir”.