Moskva və Tehran İran dronlarının Rusiya ərazisində istehsalı üçün intensiv iş aparır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Wall Street Journal” qəzetində bununla bağlı yazı dərc olunub.
Yazıda deyilir ki, bir neçə ilə ən azı 6000 dron istehsal etmək gücündə zavodun tikintisi nəzərdə tutulur. Yanvar ayında İranın yüksək çinli rəsmilərindən ibarət nümayəndə heyətinin Rusiyaya yollandığı, zavodun inşası üçün ayrılmış əraziyə baxış keçirdiyi, layihənin işə salınmasından ötrü zəruri məsələləri müzakirə etdiyi bildirilir.
“Wall Street Journal” yazır ki, hər iki tərəf planlaşdırılan zavodda indiki İran dronlarının daha sürətli versiyasının istehsalına nail olmağa çalışır.
2022-ci ilin fevralından Ukraynada total müharibə aparan Rusiyanın həmin ilin avqustundan İranın “Şahed-136” tipli dronlarından da yararlandığını yada salan “Wall Street Journal” vurğulayır ki, yeni zavodun inşası ideyasının da kökündə məhz Ukrayna müharibəsi durur. Qəzet zavodda istehsal prosesinə başlanacağı təqdirdə Ukraynanın havadan müdafiəsi sahəsində əlavə və ciddi problemlərin yarana biləcəyini yazır.
Rusiyada İran dronlarının istehsalı planının olduğunu bir müddət əvvəl ABŞ-ın “Vaşinqton Post” qəzeti də yazmışdı. “Vaşinqton Post”un əldə etdiyi məlumata görə, bu istiqamətdə Tehranla Moskva arasında 2022-ci ilin noyabrında saziş bağlanıb və istehsal prosesinin tezliklə, bir neçə aya başlanması barədə razılıq əldə edilib.
2022-cilin sonundan ABŞ prezidenti Cozef Baydenin administrasiyası İran dronlarının və dron hissələrinin, texnologiyalarının Rusiyaya axınını dayandırmağa çalışır. Bəzi analitiklər 2023-cü il yanvarın 28-i gecə İranın müdafiə sənayesi obyektlərinə pilotsuz uçuş aparatları ilə edilən hücumları həm də bununla bağlayır. Rəsmən etiraf olunmasa da, hücumların arxasında ABŞ-ın əsas müttəfiqlərindən olan İsrailin dayandığı bildirilir. Hücumlar zamanı İranda raket və dron istehsalı ilə məşğul olan müəssisələrə zərbələr endirilib və analitiklər hesab edirlər ki, bu əməliyyat Ukraynanın işinə yaraya bilər.
Mənbə: Wsj.com