Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev fevralın 6-da türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng edib, Türkiyədəki zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib, həlak olanlarla bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.
Prezident qeyd edib ki, 420 nəfərdən ibarət xilasedici heyət Türkiyəyə göndərilib, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda yola salınacaq.
Türkiyə prezidenti dəstəyə görə dövlət başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Fevralın 6-sı sübh tezdən Türkiyənin Qəhrəmanmaraş bölgəsinin Bazarcıq rayonunda 7,7 bal gücündə zəlzələ baş verib. Başqa bölgələri də vuran təbii fəlakətdə 1014 nəfərin həlak olduğu, 5385 nəfərin xəsarət aldığı bildirilir.