Vətən Fədailəri İctimai Birliyinin təsisçiləri Yavər Hüseyn, Fəxrəddin Səfərov, Ələmşah Rəhimov baş nazir Əli Əsədova müraciət edib. Surəti Türkiyənin Azərbaycandakı səfirliyinə ünvanlanan müraciətdə qeyd olunur ki, fevralın 6-sı Türkiyədə baş vermiş zəlzələ bütün türk dünyasını və ona səmimi ehtiramı olan dünya ictimaiyyətini, eləcə də Azərbaycan xalqını olduqca kədərləndirib: “Vətən Fədailəri İctimai Birliyinin üzvləri – Qarabağ müharibəsi qaziləri zəlzələdə həyatını itirən insanların əzizlərinə, bütün türk xalqına dərin hüznlə başsağlığı verir və yaralananlara Allahdan şəfa diləyir. Bu ağır gündə qardaş Türkiyə xalqının yanında olduğumuzu bəyan edir və zəlzələnin baş verdiyi ərazilərdə fəsadların aradan qaldırılmasında 500 nəfərdən ibarət könüllümüzün iştirakının təmin olunması üçün şərait yaradılmasını xahiş edirik (əlaqə telefonları: 050-334-92-49; 055-324-65-72”.
Vətən Fədailəri İctimai Birliyinin əsası 2020-ci ildə qoyulub. Qurumun hər üç təsisçisi Şuşa döyüşçüləridir.
Fevralın 6-sı sübh çağı Türkiyənin Qəhrəmanmaraş bölgəsinin Bazarcıq rayonunda 7,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Qaziantep, Hatay, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis, Şanlıurfa və başqa bölgələrdə də hiss olunub. Dağıntılar var. Son məlumatlara görə, 284 nəfər həlak olub, 2323 nəfər xəsarət alıb.
Təbii fəlakət bölgəsinə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasedici qüvvələri, çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələr göndərilir.