Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərlə bağlı sərəncam imzalayıb. Fevralın 3-də rəsmiləşən sərəncam Tağıyev Vasif Natiq oğlunun 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Əsgərov Orxan Rizvan oğlunun (ölümündən sonra) və İmanov Mahir Kamil oğlunun “Vətən uğrunda” medalı ilə təltif olunmasını nəzərdə tutur.
Yanvarın 27-də “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs Tehranda Azərbaycan səfirliyinə basqın edib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, xidmətin əməkdaşı Mahir İmanov yaralanıb. Mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılıb onu tərksilah edərkən yaralanıb.
Baş leytenant Orxan Əsgərovun cənazəsi, səfirliyin əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da Bakıya gətirilib.
Şəhid Orxan Əsgərov yanvarın 30-u Bakıda, İkinci Şəhidlər xiyabanında dəfn edilib.