Gürcülər Rusiya barədə nə düşünür?
ABŞ-ın Milli Demokratiya İnstitutu Gürcüstanda 2022-ci il dekabrın 3-dən 20-dək aparılmış ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. 2519 nəfəri əhatə edən sorğuda respondentlər sualları üzbəsurət cavablandırıb.
Novator.az bildirir ki, sorğunun nəticələrinə görə, respondentlərin 80 faizi Rusiya hökumətinə mənfi münasibətdədir.
Sorğuya qatılanların 54 faizi hesab edir ki, Ukraynada müharibənin günahkarı Rusiyadır. Onların 15 faizi müharibədə ABŞ-ı, 8 faizi Ukraynanı, 3 faizi NATO-nu, 2 faizi Avropa İttifaqını günahkar göstərir.
Respondentlərin 69 faizi rusiyalıların Gürcüstana axınının fəsadlara gətirib çıxaracağı qənaətindədir.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Mənbə: Ndi.org